İstanbuldakı baş konsulluğumuzda fəaliyyət göstərən Məntəqə Seçki Komissiyası səsverməyə hazırdır.İstanbul şəhərindəki baş konsulluğumuzda qeydiyyatda olan vətəndaşlarımızın aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərində səsvermədə iştirakının təmin edilməsi üçün hazırlıq işlər başa çatıb.
Baş konsulluqda Mərkəzi Seçki Komissiyasının tələb və təlimatına uyğun Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb. Burada 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 53 saylı MSK fəaliyyət göstərir.
MSK-dan verilən məlumata görə, burada Türkiyənin İstanbul, Bursa, İzmir, Antalya və baş konsulluğumuzun fəaliyyət dairəsində olan digər bölgələrdə yaşayan, işləyən və konsulluq qeydiyyatında olan vətəndaşlarımız səsvermə hüququna malikdirlər. Artıq aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub.