Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Vətənə sevgi ailədən, bağçadan başlayır

Tarix:26-06-2015, 23:05



"Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir"

Heydər Əliyev


İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq 97-cü ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.

Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsi sən demə, genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün. Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır.

Balaca fidanlarımızda və gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, bağçalarda balaça körpələrimizə ,orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər Birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar.

Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır.

Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.

İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu, çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün məktəblərlə yanaşı, kitabxana da hər şeydən əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Burada tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.

Uşaqların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə də orta məktəblərdə yeniyetmələr arasında ədəbiyyata marağı artırmaq lazımdır. Çünki B. Vahabzadənin "Bayraq" şeirində vətəndaşlıq qüruru aşılamaq üçün çox ibrətamiz fikir yer alıb:

- Bayraq mənliyimdir, bayraq kimliyim!

Bayraq öz yurduma öz hakimliyim!

Bu fikri uşaqlara belə izah etmək olar: Bəli, müstəqil yurdu, dövləti olan xalqın bayrağı olur! Xalqımızın üçrəngli, ay-ulduzlu bayrağı onun müstəqilliyinin rəmzi kimi tərənnüm olunur! Şair Davud Aslanın "Ən şirin şey" şeirində göstərir ki, ən şirin, ən əziz nemət öz obamız, elimizdir, dağımızdır, gölümüzdür! Ana deyən, Vətən deyən bizim doğma dilimizdir. T.Bayramın "Azərbaycan deyəndə", Mədinə Gülgünün "Hər kəsə şirindir öz yuvası" kimi şeirlərini orta məktəb şagirdlərinin diqqətinə çatdırmaq lazımdır.

Hələ kiçik yaşlarından şagirdlərin tarixi yaddaşını formalaşdırmaq üçün onlara "Tarixi şəxsiyyətlərimiz" haqqında məlumat vermək lazımdır.

Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Doğrudur, dövlətçilik, vətəndaşlıq orta məktəb dərsliklərində və ya hansısa əyani vəsaitlərdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Amma digər sahələrə nisbətən bu məsələdə əsas vəzifə orta məktəblərin və dərsliklərin üzərinə düşür.

24 saylı bağçanın müdirəsi Leyla Bayramova Abşeron Tv –yə müsahibəsində bildirib ki, Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".

Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası bağçalarda,körpələr evində və ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır.

Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında uşaqlarımıza və şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir.

Baş redaktor: Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib