Noyabrın 6-da “ADA” Universitetində bu təhsil müəssisəsinin tələbə fəallarının təşəbbüsü və “İstedadlı əlillər” İctimai Birliyinin üzvlərinin iştirakı ilə “Mənim dünyam” adlı sərgi keçirilib. Sərgidə fiziki məhdudiyyətli insanların yaratdıqları tətbiqi sənət əsərləri təqdim olunub.
“ADA” Universitetinin əməkdaşı Elnur Eyvazov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu ali təhsil müəssisəsinin tələbələri fiziki imkanları məhdud olan insanlara hər cür yardım edir, əlillərin cəmiyyətə inteqrasiya edilməsi məqsədilə tədbirlər keçirirlər. Bu cür tədbirlərin beynəlxalq səviyyədə keçirilməsi də planlaşdırılır.
“İstedadlı əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov məlumat verib ki, sərgidə ölkənin müxtəlif regionlarını təmsil edən əlillərin əl işləri təqdim olunub. Azərbaycan dövləti fiziki imkanları məhdud insanlara böyük dəstək göstərir. Sərgidə şəkillər, xalçalar, taxta məmulatlar, müxtəlif suvenirlər və bəzək əşyaları yer alıb. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalça üzərində portretləri ekspozisiyada xüsusi yer tutur. Bunları rəssam, çoxsaylı müsabiqələrin qalibi, Heydər Əliyev Fondunun qızıl medalının sahibi Ulduz Səmədova toxuyub.