Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri və müəllimləri üçün ustad dərsləri təşkil edir.
Bu işin davamı olaraq Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün kamança və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib.
Dərslər başlanmazdan əvvəl Abşeron rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Manafov bildirib ki, ustad dərslərinin kecirilməsində məqsəd şagirdlərə musiqinin incəliklərini öyrətmək, müəllimlərin nəzəri və praktik təcrübəsinin artırılmasına metodik köməklik göstərməkdir.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan toplantıda xanəndəlik sinifi üzrə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xalq artisti Zabit Nəbizadə və Xırdalan şəhər uşaq musiqi məktəbində isə kamança sinifi üzrə Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin direktoru İkram Manafov ustad dərsləri keciblər.