“Hazırda təmas xəttində savaş gedir”. Bu sözləri Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov söyləyib. Onun sözlərinə görə, Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra ermənilər işğal olunmuş ərazilərdən qaçmağa başlayıb.
“Şuşa şəhəri boşalır. Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır. Sosial şəbəkələrdə də gördük ki, 70-80 yaşlı adamlar orduya çağırılır. Bu onu göstərir ki, Ermənistanda gənclər qalmayıb, hamı qaçıb gedib. Amma ermənilər dayanmır. Azad etdiyimiz həmin əraziləri yenidən işğal etmək istəyirlər” – deyən spiker əlavə edib ki, beynəlxalq təşkilatlarla danışıq aparanda onlara Azərbaycanın xəritəsini göstərmək lazımdır. Beynəlxalq təşkilatların çoxusunun Dağlıq Qarabağın və təmas xəttinin harada olduğunu bilmədiyini deyən O.Əsədov Amerikanın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki ilə görüşündən danışıb: “Mən onu qəbul etdim. O döyüşlərin hansı nöqtədə getdiyini bilmədi. Xəritəni göstərərək bildirdim ki, bu Dağlıq Qarabağdır, bu isə işğal olunmuş yeddi rayondur və təmas xəttidir. O bundan heyrətə gəldi. Ona görə də beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz görüşlər zamanı xəritə vasitəsilə yerləri onlara dəqiq göstərməlidirlər”.