Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 16 noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Fondun Abşeron rayon üzrə nümayəndəsi Təyyübə Hüseyinova 2016-cı ilin ölkə Prezidentinin Sərəncamı ilə “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb və ölkəmizin müasir dünyada tolerantlıq məkanına çevrildiyini vurğulayıb.
AMEA-nın fəlsəfə və hüquq inistitunda politolojiya şöbəsinin müdiri, professor, fəlsəfə elimləri doktoru Rəna Mirzəzadə toplantıda mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan tarixən tolerant və multikulturalist bir ölkə kimi tanınıb. Bu, bütün Türk dünyasının möhtəşəm abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanında da öz əksini tapıb. İslam dini də tolerantlıq və multikultural dəyərlərə böyük önəm verir. Tolerantlıq və multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır. Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir. Tolerantlıq digər inanc və əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Tolerant yanaşmanın zəif olması bu mənfi təzahürlərin güclənməsinə təkan verir. Buna görə də tolerantlıq və multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş, ölkəmizdə olan bütün xalqların, milli azlıqların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm üçün əlverişli mühit mövcuddur. Azərbaycanda hər bir insan dini etiqadında azaddır. Azərbaycanda bütün xalqlar və milli azlıqlar dini mənsubiyyətlərindən asılı olmayaraq, azad və müstəqil yaşayırlar. Onların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilmişdir. Ölkəmizdə xristian kilsələri, sineqoqlar bərpa edilib, müxtəlif dinlərin təmsilçilərinin dövlət büdcəsi hesabına cəmiyyətləri və mətbu orqanları fəaliyyət göstərir. Respublikamızda tolerantlıq və multikulturalizm mövzularında ardıcıl olaraq mötəbər beynəlxalq tədbirlər keçirilir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyət göstərdiyini xüsusi qeyd etmək lazımdır. Bir sözlə, bu gün Azərbaycanda tolerantlığın və multikulturalizmin inkişafı üçün hər cür şərait yaradılıb, ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli bir örnəkdir.
Daha sonra tolerantlıq mövzusunda məruzə ilə çıxış edən Bakı Dövlət Unveristetinin müəlliməsi, şairə İradə Əlili bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda çoxəsrlik multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə əməyi danılmazdır.
Yığıncaqda Abşeron rayon Saray qəsəbə 3№-lı tam orta məktəbin informatika müəllimi Təranə İsmayılova, İ.Yusifov adına Görədil kənd tam orta məktəbin direktoru Rəmziyyə Heydərova, Saray qəsəbə 3 saylı tam orta məktəbin müəllimi Emin Xəlilov məruzələrlə çıxış edərək bildiriblər ki, tolerantlıq və multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Bu siyasətin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, respublikamızda yaşayan bütün millətlərin, milli azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır. Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış və dövlət siyasətinin prioritet istiqamətlərdən birinə çevrilmiş Azərbaycandakı tolerantlıq və multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov isə deyib ki, 1995-ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Tolerantlıq Günü qeyd edilir. Azərbaycanın bütün bölgələrində olduğu kimi,Abşeron rayonunda da mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə, eləcə də tolerantlığa böyük diqqət yetirilir.
Toplantının sonunda təşkilatçılıq və yaradılan şəraitə görə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya və rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılova minnətdarlıq ifadə edilib.
Şamo Əliyev