Martın 13-də Saray qəsəbə 3 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşın Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinin qaziləri və idman sahəsində yüksək nailiyyətlər əldə etmiş idmançılar ilə görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil şöbəsinin əməkdaşları və rayonun təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə tədbirə gələn qonaqlar ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, ruhunu dərin ehtiramla yad ediblər.
Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan olunub.
Çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görüşə qonaqlara öz minnətdarlığını bildirib, gənc nəslin tərbiyəsində onların əsl nümunə olduqlarını vurğulayıb.
İ.Gülməmmədova qeyd edib ki, Abşeron rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması,
ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələr layiqincə yerinə yetirilir. Rayon rəhbəri vurğulayıb ki, son illər cənab Prezidentin ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət, dövlətin müdafiə xərclərini artırması, ordumuzun ən müasir silah-sursatla təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bütün xalqımızda vətənpərvərlik hissini daha da artırmışdır. Bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlıya qayıdış, inşallah bütün Qarabağ torpaqlarına qayıdışın başlanğıcıdır və tezliklə Azərbaycan bayrağını işğal olunmuş torpağlarımızda qaldıracağıq.
Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə Hüseynova çıxış edərək tədbir iştirakçılarına görüşün məqsədi haqqında ətraflı məlumat verib.
Daha sonra iki qat paralimpiaya çempionu, iki qat dünya çempionu, 7 qat Avropa çempionu İlham Zəkiyev idmanla məşğul olduğu dövrlərdəki xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onları maraqlandıran suallara cavab verib.
Qəhrəman kəşfiyyatçı İbad Hüseynov çıxış edərək işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu söyləyib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra Rus Dram Teatrının aktyoru Şirzad Pirallahı, hərbi diktor Şəmistan Əlizamanlı, 3 qat Avropa çempionu, dünya çempionu Niyaməddin Paşayev, Qarabağ qazisi Eşqin Hüseynov, beynəlxalq dərəcəli hakim, "Afina-2004"ün bürünc medalçısı Fuad Aslanov, Əməkdar idman ustası, 15 qat Azərbaycan çempionu, 23 qat dünya çempionu, 7 qat Avropa çempionu Eduard Məmmədov, əməkdar məşqçi, sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev maraqlı çıxışlar ediblər
Tədbir bədii hissə ilə yekunlaşıb.