Bu gün Abşeron rayonunda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.Tədbirdən əvvəl rayon prokurorluğunun əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri,Heydər Parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib qarşısına gül dəstələri qoyublar.
Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova prokurorluq orqanlarının dövlətin hüquq sitemindəki yerindən və ölkədə qanunun aliliyinin təmin olunmasındakı rolundan danışıb. Bildirib ki, prokuror peşəsinə və bu vəzifəni daşıyan insanların zəhmətinə Heydər Əliyevdən dəqiq və yüksək qiymət vermək çox çətindir: “Ulu öndər deyirdi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız””.
Çıxışının sonunda rayon prokurorluğunun simasında ölkənin bütün prokurorluq orqanlarında çalışan insanları təbrik edən xanım başçı çətin və şərəfli işlərində onlara uğurlar diləyib. Əmin olduğunu bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf konsepsiyasının prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsində prokurorluq orqanları, o cümlədən Abşeron Rayon Prokurorluğu qüvvələrini heç zaman əsirgəməyəcək.
Tədbirdə geniş məruzə ilə çıxış edən Abşeron rayon prokuroru Rahib Seyidov qeyd edib ki, Azərbaycan Prokurorluğu 100 illik fəaliyyəti dövründə şərəfli yol keçib. O, qeyd edib ki, prezident İlham Əliyev prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirib. Prokurorluq orqanlarının fəaliyyəti və strukturu son dərəcə təkmilləşdirilib, kadr potensialı gücləndirilib, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlıqlarının artırılması, habelə əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb.
Toplantıda çıxış edən Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, prokurorluğun veteran əməkdaşlarından Munis Abuzərli və başqaları prokurorluğun 100 ildə keçdiyi inkişaf yolu, prokurorluq orqanlarında qanunçuluğun qorunmasını, cəmiyyətdə bu dövlət təsisatına ictimai etimadın artdığını, nüfuzunun yüksəldiyini xüsusi qeyd edərək bu orqanlarda çalışan əməkdaşlara yeni-yeni nailiyyətlər arzulayıblar.
Sonda rayon prokurorluğunun fərqlənən bir neçə əməkdaşına Abşeron Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və pul mükafatı təqdim edilib.
Şamo Əliyev