Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyətini nəzərə alaraq, artıq beşinci ildir ki, "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda bayram şənlikləri keçirilir. Bu ildə Məmmədli kəndinin və Digah qəsəbəsinin sakinləri üçün rayon icra hakimiyyəti başçısı cənab Zakir Fərəcovun göstərişinə əsasən təşkil edilmiş "Yanar dağ"da gerçəkləşən "Yurduma bahar gəlir" adlı tədbir də rəngli görüntülərlə yadda qaldı..
Şənlikdə Pəhləvanlar və kəndirbazlar da öz məharətlərini göstərirdilər. Gənc idmançıların çıxışları da yaddaqalan oldu. Tonqallar qalandıqdan sonra milli musiqi sədaları altında xalq mahnıları ifa olundu. Kosa və Keçəlin duzlu-məzəli söhbətləri, onların yumurta döyüşmələri əsl bahar sevinci yaratdı. Həmçinin Novruzun gəlişi ilə bağlı çıxış edən Abşeron rayon icra hakimiyyətinin baçısının muavini Faiq Kərimov hər bir ailəyə ruzi bərəkət arzuladı. O, rayonun sosial iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını diqqətə çatdırdı. Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdi.