Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan strateji prioritetlərinə sadiqdir

Tarix:27-02-2021, 15:07

Azərbaycan strateji prioritetlərinə sadiqdir
Ölkəmizdə şəhid ailələrinə, qazilərə, ümumilikdə müharibə iştirakçılarına çox böyük diqqət və qayğı vardır. Bu qəbildən olan insanların dövlət səviyyəsində qayğı ilə əhatələnməsi, hər birinin probleminin fərdi qaydada araşdırılması və həlli istiqamətində konkret addımların atılması xalqımız tərəfindən də çox yüksək qiymətləndirilir. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi, yaşayış şərtlərinin yaxşılaşdırılması, qazilərimizin reabilitasiyası, işlə və avtomobillərlə təmin olunmaları və sair bu kimi addımlar göstərilən qayğının ana xəttini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarına nəzər saldıqda aydın şəkildə bəlli olur ki, dövlət şəhid və qazi ailələrini bundan sonra da diqqət mərkəzində saxlayaraq onların hər birinə qayğı göstərəcəkdir. Bu qəbildən olan insanlarla ən yüksək səviyyədə, yəni ölkə başçısı səviyyəsində tez-tez görüşlərin keçirilməsi də ölkəmizdə onlara nə qədər ciddi önəm verilməsinin bariz nümunəsidir. Son belə tədbir fevral ayının 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi zamanı baş tutdu. Bu görüşdə cənab Prezident İlham Əliyev bir daha bəyan edib ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir.

Azərbaycanın bütövlüyü, suverenliyi uğrunda canından, sağlamlığından keçmiş hər bir şəxsin sosial təminatları dövlət tərəfindən qarşılanacaqdır. Belə ki, bu qəbildən olan insanlara verilən aylıq məvaciblərin məbləğinin artırılması, mənzil və avtomobillərlə təmin olunması, onların daimi olaraq qayğı ilə əhatələnməsi istiqamətində həm yerli icra hakimiyyətlərində xüsusi şöbələrin, həm də YAŞAT Fondunun yaradılması hər kəs tərəfindən yüksək qiymətləndirilir.

Yeri gəlmişkən qeyd edilməlidir ki, Ramana kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Ramana qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib. Uşaq bağçası, 1200 yerlik məktəb inşa edilib. Yəni, yaşayış üçün bütün imkanlar var. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.

Belə bir qısa müddətdə bütün bu kimi böyük işlərin görülməsi, sözün həqiqi mənasında, dövlətin şəhid ailələrinin mənzil problemlərinin tez bir zamanda həll edilməsinə çalışmasından xəbər verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir. Belə ki, onlara tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.
Göründüyü kimi Azərbaycanda qazilərimiz xüsusi protezlərlə təmin olunur. Yeni texnologiyalar əsasında hazırlanmış bu protezlər sayəsində əlavə cərrahi əməliyyatların keçirilməsinin qarşısı alınır. Bundan əlavə, qazilərimiz onlardan daha rahat formada yararlanır, istifadəsi zamanı əlavə çətinlik və problemlər yaratmır.

Azərbaycan dövləti bundan əvvəl də, yəni ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə də şəhid və qazi ailələrinə xüsusi diqqət göstərmişdir. Hökümət öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Bu qəbildən olan insanlarımızın sosial rifahının yaxşılaşdırılması üçün dövlət əlindən gəlini edir. Belə ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Prezident İlham Əliyevin çıxışı həm də Azərbaycan ordusuna verilən yüksək qiymətlə yadda qaldı. Dövlətimizin başçısının təbirincə desək, Azərbaycan azadlıq mübarizəsi apardı. Və bu mübarizədə, müharibədə qələbə qazanaraq bayrağımızı işğaldan azad olunan torpaqlarda qaldırdıq. Ermənistanın işğalçılıq müharibəsindən fərqli olaraq bizim mübarizəmiz ədalətli idi. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq.

O da qeyd olunmalıdır ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanması elə-belə, göydəndüşmə olmadı. Yəni bunun üçün dövlətimiz illərlə hazırlıq işləri gördü, uzunmüddətli plan hazırlayaraq həm sülh danışıqları apardı, həm də müharibə hazırlıqları gördü. Ordunun maddi-texniki bazasının gücləndirilməsindən, modernləşdirilməsindən tutmuş, canlı qüvvəsinin fərdi keyfiyyətlərinin artırılmasına qədər olan bütün sahələr üzrə sistemli addımlar atılmışdı. Ölkə bütün gücünü səfərbər etmiş, bir çox illər ərzində ardıcıl siyasət aparmışdır.
Lakin sülhü arzulamaq, münaqişəni sülh yolu ilə həl etmək birtərəfli olmur. Yəni Azərbaycan tərəfi qan tökülməsinin qarşısını almağa çalışsa da, diplomatik yolla və üstəlik kompromislə həll variantları təklif etsə də qarşı tərəfdən nəinki adekvat cavab gördük, üstəlik Ermənistan cəbhə boyu ərazilərdə açıq-aşkar hərbi təxribatlar törətməklə gərginliyi və münaqişəni daha da qızışdırmağa cəhdlər etdi. Onların yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz etdi. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları Azərbaycanı və beynəlxalq ictimaiyyəti əmin etdi ki, müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk Qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Minsk Qrupunun bu istiqamətdə çoxsaylı bəyanatlarına baxmayaraq uzun illər ərzində heç bir sülh prosesinə imza ata bilməməsi də Azərbaycan xalqına onlara olan inamı tamamilə azaltmışdı. Xalqımız daha 30 il belə bir vəziyyətdə yaşamaq istəmirdi. Kimisə o vəziyyət qane edə və ya maraqlarına uyğun ola bilərdi, lakin işğalla barışmaq Azərbaycanın milli maraqlarına zidd idi. Ona görə də xalqımız haqlı olaraq azadlıq mübarizəsi yolunu seçdi. Çünki bizim sülh çağrışlarımıza Ermənistanın siyasi rəhbərliyi hərbi həmlələrlə cavab verdi. İş orasındadır ki, demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər də ermənilərin bu özbaşınalığına göz yumurdular. Ona görə də Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan təkcə Ermənistana deyil, eyni zamanda ermənilərin ətrafında birləşən mütəşəkkil və güclü dairələrə qalib gəlib.

O da xüsusi olaraq qeyd edilməlidir ki, bu mütəşəkkil və güclü dairələr işğalçı Ermənistanı davamlı olaraq silahlandırıb. Rəsmi İrəvan 30 il təxribatçı qüvvələrdən müxtəlif silahlar alıb. Bütün bu silahları da Azərbaycan qarşı istifadə etmək üçün əldə edib. Ermənilərə silah verənlər də əvvəlcədən yaxşı bilib ki, onların sursatları azərbaycanlılara qarşı istifadə olunacaq. Yəni bu hər kəsə gün kimi aydın olub. Deməli, Azərbaycan xalqı erməniləri silahlandıranları da unutmamalıdır və unutmur da. Yeri gəlmişkən, onu da bildirək ki, Ermənistan bu silahları pulsuz şəkildə əldə edib. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə ilə pulsuz silah gətirilirdi. Yoxsa kasıb, yoxsul bir ölkənin bu qədər silah almasına hardan vəsait tapa bilərdi?! II Qarabağ müharibəsi zamanı ordumuz tərəfindən məhv edilən və eyni zamanda qənimət kimi ələ keçirilən silah-sursatın, hərbi texnikanın ümumi qiymətinə baxıldıqda fikrimiz bir daha təsdiq olunur. Dövlətimizin başçısı da öz bəyanatlarında bu məqama toxunmuş və silahların ermənilərə təmamilə pulsuz verildiyini dəfələrlə bildirmişdir.
Ermənistanın silanlandırılması bu gün də davam etdirilməkdədir. Görünür təxribatçı qruplar Azərbaycanın dəmir yumruğundan doğru nəticə çıxarmayıblar. Ona görə də dövlətimiz ordunun maddi-texniki bazasını daimi şəkildə gücləndirməyə davam etməlidir. Əgər qonşuluğunda səni hər zaman əzməyə çalışan, hərbi təxribat törətməyə hər an hazır olan erməni varsa, onda əlindəki silahın ən yaxşısından olmalıdır. Bütün həmlələrə, təxribatlara hazır olmalısan. Ona görə də hesab edirəm ki, dövlətimizin bu sahədəki siyasəti, yəni yeni silahların alınmasına göstərdiyi marağı tamamilə haqlıdır. Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ordusu bundan sonra da güclənəcək. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onların alınması üçün də müqavilə imzalanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır.

Ölkəmiz özünü dünyaya məsuliyyətli dövlət kimi tanıtmışdır. Ordumuzun yüksək peşəkarlıqla qələbə əldə etməsindən sonra sərhədin o tərəfinə keçməməsi bizim işğalçı deyil, ədalətli, azadlıq mübarizəsi aparmağımızdan xəbər verir. Doğrudur bizi buna təhrik etmək istədilər, hətta Ermənistan cəbhə bölgəsindən çox-çox uzaqda yerləşən şəhərlərimizə raketlər ataraq dinc əhalini atəşə tutdu, öz simalarını açıq-aşkar dünyaya göstərdilər, lakin rəsmi Bakı təxribatlara getməyərək düşmənin cavabını döyüş meydanında verdi. Bir çox hərbi ekspertlərin bildirdiyinə görə, əgər ordumuz Ermənistan ərazisinə keçsəydi vəziyyət daha başqa cür ola bilərdi. Yəni haqlı olduğumuz yerdə haqsız duruma düşmə ehtimalı vardı. Ona görə də şübhəsiz ki, Azərbaycan höküməti ən doğru variantı seçərək qələbəmizi təmin etdi.

Seymur Qasımbəyli

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib