Abşeron rayonunda qanvermə aksiyası keçirilib (VIDEO)
Tarix:8-04-2015, 02:49
Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron rayon Mərkəzi poliklinikasının birgə təşkilatçılığı ilə Abşeron rayonunda “Qan Ver, Həyat Xilas Et!” şüarı altında kütləvi qanvermə aksiyası keçirildi.
Abşeron rayon uşaq poliklinikasında keçrilən aksiyada , Respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün müxtəlif yaş qruplarından olan könüllülərdən qan nümunələri götürüblər. Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir. Qanvermə aksiyasına səhər saat 10-da start verilib. Abşeron Rayonunda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən adi vətəndaşlar həvəslə və könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə gəliblər.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçirlər. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Gün ərzində davam edən aksiyada Abşeron rayon İcra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov ,rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, o cümlədən təhsil, səhiyyə və mədəniyyət işçiləri, dövlət və bələdiyyə qulluqçuları fəallıq göstərib. Qeyd edimki, Qan vermək üçün 800 nəfərdən çox rayon sakini müraciət etmişdir. Onlardan 250 nəfərindən qan götürülmüşdür.
Belə aksiyalar Abşeron rayonunda hər il davamlı olaraq keçirilir. Qeyd edək ki, hazırda Abşeronda talassemiyalı xəstələrin sayı 91 nəfərdir.Həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan belə insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.