Azərbaycan milli komandasının üzvü, “İnter”in kapitanı Vaqif Cavadov müsahibə verib. Bombardirlər yarışına liderlik edən Cavadov əvvəlcə “Bakı”nı məğlub etdikləri oyundan danışıb.
- Oyuna yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, biz necə hazırlaşmışdıqsa, elə də oynadıq. Mənə elə gəlir ki, mübarizəli bir oyun oldu. Sevinirəm ki, qələbə qazandıq. Məncə, həm “Bakı”, həm də “İnter” yaxşı oynadı. Hər iki komandanın məqsədi o idi ki, 3 xal qazansın. Amma futbol mübarizədir və burda 1 qalib olur. Yenə deyirəm, mübarizəli bir oyun oldu. Hava şəraiti imkan vermirdi ki, texnikalı oyun sərgiləyək. Bütün bunlara baxmayaraq, 3 xal qazandığımız üçün şadam.
- Həmin gün “Bakı”nın bazasında Cavadovların sayı çox idi. Atan Füzuli Cavadov və əmin İsgəndər Cavadov oyuna tamaşa edirdilər. Bu, sənin üçün əlavə stimul sayıla bilər?
- Atam bütün oyunlarıma tamaşa etmək üçün stadiona gəlir. Onun üçün məkan anlayışının fərqi yoxdur. Yəni bölgədə keçirilən oyunlarımıza da gəlir. Fəxr edirəm ki, tribunadan elə bir insan mənim oyunumu izləyir, analiz edir. Baxmayaraq ki, mən “İnter”də çıxış edirəm, “Bakı”ya da böyük simpatiyam var. Bundan əlavə, bütün klublarımıza da hörmət edirəm.
- “Bakı” sənin sabiq komandalarından biridir. Bunu əlavə prinsipiallıq gətirən amil kimi qələmə vermək olar?
- Heç bir prinsipiallıqdan söhbət getmir. “Bakı”ya uğurlar arzu edirəm. Yaxşı komandadır.
- “Bakı” ilə oyunda cari çempionat ərzində 8-ci qolunu vurdun. Bombardir olmaq barədə düşünməyə başlamısan?
- Düzünü desəm, qollarımın sayını bilmirəm. Ola bilər ki, bunu evdəkilər məndən daha yaxşı bilir. Onlar qollarımı sayırlar. Amma mən qollarımı saymıram. Sadəcə, sevinirəm ki, vurduğum qollar komandaya qələbə gətirir.
Elməddin Əmirov