Aprelin 29-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirində ayrı-ayrı alətlər üzrə fərdi yarışların qalibləri məlum olub.Halqa ilə hərəkətlərdə rusiyalı Mariya Sergeyeva 18,200 xalla birinci, Belarus gimnastı Katsiarina Halkina 17,750 xalla ikinci, ABŞ təmsilçisi Laura Zenq 17,350 xalla üçüncü olub. Fərdi proqramda ayrı-ayrı alətlər üzrə dünya kuboku mərhələlərinin nəticəsinə əsasən halqa ilə yarışların qalibi bolqarıstanlı Boryana Kaleyn "AGF Trophy" kuboku ilə təltif olunub.
Topla yarışların nəticəsinə əsasən, Rusiya gimnastları Yekaterina Selezneva və Mariya Sergeyeva müvafiq olaraq 18,200 və 18,100 xal toplayaraq birinci-ikinci yerləri bölüşüblər. İlk üçlüyü 17,950 xalla yaponiyalı Kaho Minaqava qapayıb. Rusiyalı Y.Selezneva birinciliklə yanaşı, dünya kuboku mərhələlərinin nəticələrinə görə topla hərəkətlərin qalibi kimi "AGF Trophy" kubokuna da sahib olub.
Gürzlərlə mübarizədə isə 18,100 xal toplayan Ukrayna gimnastı Vlada Nikolçenko bütün rəqiblərini qabaqlayıb. Bolqarıstanlı Boryana Kaleyn 17,800 xalla ikinci, ondan cüzi fərqlə geri qalan rusiyalı Mariya Sergeyeva 17,700 xalla üçüncü pillədə qərarlaşıb. Gürzlərlə yarışlarda "AGF Trophy" kubokunu da qızıl medalın sahibi Ukrayna gimnastı V.Nikolçenko qazanıb.
Lentlə hərəkətlərdə Rusiya təmsilçisi Mariya Sergeyeva yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxib. Belə ki, o, 16,800 xal toplayaraq ayrı-ayrı alətlər üzrə fərdi proqramda ikinci dəfə qızıl medal qazanıb. Bolqarıstanlı Katrin Taseva 16,400 xalla Dünya Kuboku yarışlarının gümüş, Ukrayna gimnastı Vlada Nikolçenko 16,050 bürünc mükafatçısı olub. Lentlə yarışlarda ikinci olan bolqarıstanlı Katrin Taseva həm də "AGF Trophy" kubokunu qazanıb.
Mükafatlandırma mərasimində Beynəlxalq Gimnastika Federasiyasının nümayəndəsi Kerolayn Kant, Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvü Rafiq Behbudov, yarışların təşkilati komitəsinin üzvü Kamran Ramazanov və Təhsil Nazirliyinin nümayəndəsi Vasif Məmmədov iştirak ediblər.