Abşeron güləşçiləri Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalını (EYOF) 3 medalla başa vurublar. Bunlardan 1-i qızıl, 2-i gümüş əyarlıdır.
Sərbəst güləşdə Kənan Heybətov (51 kq) qızıl, qadın güləşçilərimiz Elnurə Məmmədova (53 kq) gümüş və Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə ediblər.
Abşeron güləş məktəbinin sərbəst güləşçisi Kənan Heybətov XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarında qızıl medal qazanıb.
Yarışda 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda rusiyalı Rüstəm Dolayev ilə qarşılaşıb. Oyunun sonunda hesabda geri olan güləşçimiz yüksək əzmkarlıq göstərərək qarşılaşmanın başa çatmasına 15 saniyə qalmış ardıcıl fəndlər sayəsində 8:5 hesabı ilə qalib gəlib. Bununla da K.Heybətov festivalda Azərbaycanın aktivinə 7-ci qızıl medalı qazandırıb.
Xatırladaq ki, K.Heybətov finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda yunanıstanlı Nektarios Kuzupisə (12:1) qalib gəlib.
Qadın güləşində Elnurə Məmmədova (-53 kq) gərgin keçən qarşılaşmada macar rəqibindən son xal prinsipi ilə üstün olub – 4:4. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan (müvafiq olaraq 7:2 və tuşe) Elnurə finala adlayıb. Elnurə finalda rusiyalı Polina Lukinaya tuşe fəndi ilə uduzaraq gümüş medalla kifayətlənib.
61 kq çəki dərəcəsində çıxış edən Mərziyə Sadıqova yarışa polşalı rəqibini yenməklə başlayıb – 6:2. Rusiya və və Türkiyədən olan rəqiblərinə də 1:1 və 1:0 hesabı ilə qalib gələn Mərziyə Sadıqova həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.