Abşeron əncirinin şöhrəti ölçüyəgəlməz dərəcədə böyükdür. Abşeronun susuz torpaqlarında yetişib yüz illər boyu qiymətli məhsul verən bu cənnət bitkisinin tayı-bərabəri yoxdur. "Qurani-Kərim”in bir surəsində əncirə və zeytuna and içilib. Abşeron əncirinin nadir və çoxlarına qəribə gələcək bir kəraməti də var.Keçən əsrin 60-cı illərində Mərkəzi Komitənin mərhum birinci katibi Vəli Axundov bir yığıncaqda məlumat verdi ki, dünən bir neçə alim Abşeron ənciri ilə şəkər xəstəliyinin müalicəsi sahəsində yaxşı nəticələr əldə edərək, namizədlik dissertasiyası müdafiə edib. Biz isə bu məhsulun qədrini kifayət qədər bilmirik.
Abşeron ənciri respublikanın hər yerində yetişə bilir, lakin Abşerondakı keyfiyyəti heç bir yerdə vermir. Vaxtilə əncir və ondan alınan əncir qurusu, mürəbbə, cem, bəhməz, əncir fərəc Bakının, Abşeron kəndlərinin əvəzsiz nemətləri olub. Həm də bu məhsullar minlərlə kəndin təminat mənbəyi idi.
Abşeron rayonunun kənd və qəsəbələrində becərilən əncirin "Sarı sabahi" və ya "Sarı əncir" növləri xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, nazik qabıqlı və sarı rəngli meyvələri var. Qara əncirin irisi, sarı əncirin xırdası daha keyfiyyətlidir.
Əncirin həm təzə meyvəsi, həm də qurusu müalicəvi əhəmiyyət daşıyır. Meyvənin həmin xüsusiyyəti xalqımızın qədim qəhrəmanlıq eposu "Koroğlu" dastanında da öz əksini tapıb. Səfərlərindən birində qoca bir qarının qonağı olan dastan qəhrəmanı səhər döyüşə gedəndə ev sahibi ona əncir qurusu verərək qollarına qüvvət gətirəcəyini söyləyir.
Əncir orqanizmə qida vasitəsilə daxil olan şəkərin piyə çevrilməsi mane olur. Əncir kifayət qədər kalorilidir. Bir meyvəsinin enerji dəyəri 60 kaloridir. Tərkibində külli miqdarda lif olduğuna görə az kalorili pəhrizlərdə ondan istifadə əlverişlidir. Quru əncirin tərkibində 2 qram lif var və bu, gündəlik lif ehtiyacının 20 faizini təşkil edir. Arıqlamaq istəyənlər üçün ideal desert sayılır. Əncirdə hər iki-həm həll olunan, həm də həll olunmayan lif növünün birgə olması meyvəni çox əhəmiyyətli qidaya çevirir.
Əncirdəki aktioksidantlar orqanizmdə kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri təsirsiz hala gətirir və hüceyrənin məhv olunmasının qarşısını alır. Əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur və mikroorqanizmlərə öldürücü təsir göstərir.
Tərkibində kalsiumun çoxluğuna görə əncir portağaldan sonra ikinci meyvə sayılır. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsium saxlayır. Onu uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirirlər.
Asqırma, öskürək və soyuqdəymə zamanı süddə bişirilmiş əncirin öskürək əleyhinə, tərqovucu və qızdırmasalıcı vasitə kimi qəbul edilməsi tövsiyə olunur. Tərkibində dəmir maddəsi alma meyvəsində olandan daha çoxdur və ona görə də dəmirdefisitli anemiyalarda geniş istifadə edilir.
Kaliumun miqdarına görə badamdan sonrakı yeri tutan əncir həmin xüsusiyyətinə əsasən ürək döyüntülərinin artması və döş qəfəsində ağrılar zamanı istifadə olunur. Tərkibində olan fitsin maddəsi qandurulaşdırıcı təsir göstərir, damarlarda qanın tromblaşmasının qarşısını alır.