Hər il Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə aprelin ikinci yarısında keçirilən Ümumdünya İmmunlaşdırma Həftəsi 100 milyondan artıq uşağı difteriya, tetanus və göyöskürəkdən qorumaq məqsədilə aparılır. Əvvəllər yalnız qərb ölkələrini əhatə edən həmin tədbir Avropa immunlaşdırma həftəsi adlanırdı, lakin sonradan digər dünya ölkələri də həmin təşəbbüsə qoşuldular.
Həftənin keçirilməsinin əsas məqsədlərindən biri cəmiyyətin diqqətini immunlaşdırmanın bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumağa imkan verən əsas profilaktik tədbirlərdən biri olduğuna cəlb etməkdir. DST ailələri həmin xəstəliklərin fəsadlarından qorunmaq üçün uşaqları mütləq peyvənd etməyi məsləhət görür. Təşkilatın məlumatına görə, immunlaşdırma hər il difteriya, tetanus, göyöskürək, parotit və məxmərəkdən ölüm hallarının sayını 2- 3 milyonadək azaltmağa imkan verir.
Dünya Səhiyyə Təşkilatının göstərdiyi səylər nəticəsində vaxtında peyvənd edilən uşaqların sayı getdikcə artır. Məsələn, 2000-2016-cı illər ərzində qızılcaya qarşı aparılan peyvəndlər nəticəsində xəstəlikdən ölüm hallarının sayı dünyada 84 faiz azalıb. Lakin bununla belə, məsələn, 2010-cu ildə demək olar ki, 20 milyon uşaq lazımi peyvənd almamışdır. Onların demək olar ki, 70 faizi dünyanın 10 ölkəsində, o cümlədən Hindistan, İndoneziya, Əfqanıstan, Pakistan, İraq, Konqo, Nigeriya, Uqanda, Efiopiyaya və Cənubi Afrikada yaşayır. Halbuki immunlaşdırma nəticəsində beş yaşına qədər olan 1,7 milyon uşağın həyatını xilas etmək olardı. Hər beş uşaqdan biri peyvənd edilməyib. 2013-cü ildə təxminən 21,8 milyon südəmər körpə uşaq həyat üçün lazım olan peyvənd almayıb. Bu, vaksinlərin vaxtında çatdırılmaması, səhiyyəyə kifayət qədər maliyyə dəstəyinin göstərilməməsi və s. səbəblərlə əlaqədar olub. DST gələcəkdə həmin hadisələrlə üzləşməmək üçün immunlaşdırma həftəsi çərçivəsində müxtəlif maarifçilik tədbirləri həyata keçirir, səhiyyə müəssisələrinin vaksinlə təmin edilməsi, uşaqların peyvənd olunması qayğısına qalır, müxtəlif ölkələrin nümayəndələrini informasiya və təcrübə mübadiləsinə dəvət edir.