Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ali Baş Komandan hərbi şəhərcikdə

Tarix:19-01-2014, 05:25

Ali Baş Komandan hərbi şəhərcikdə
İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, Xidmətin idman kompleksinin açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, Xidmətin idman kompleksinin açılışında iştirak etmişdir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Dövlətimizin başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulmuş, köhnə tikililər sökülərək yeni binalar inşa edilmişdir. Yeni tikilən beşmərtəbəli iki binada Xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, futbol meydançasında yenidənqurma işləri aparılmış, bütün idman qurğuları, o cümlədən qaçış zolağı, tribuna yenidən qurulmuşdur.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleksin girişində ulu öndər Heydər Əliyevin barelyefi vurulmuş, Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkədə idmanın və Olimpiya hərəkatının inkişafına göstərdikləri diqqət və qayğıdan bəhs edən fotoguşə yaradılmışdır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov məlumat verdi ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait vardır. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılmışdır. Xidmətin əməkdaşlarının kompleksdə təlim keçmələri üçün bütün imkanlar mövcuddur.

Dövlətimizin başçısı Xidmətin əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlara baxdı. Qeyd olundu ki, bu müasir avadanlıq vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyuter saatı, həmçinin nəfəstənzimləyici, məsafəölçən, siqnalgücləndirici, sualtı videoçəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıq əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir.

Diqqətə çatdırıldı ki, kompleksdə müasir avadanlıqla təchiz olunmuş tibb məntəqəsi də vardır. Buradakı təlimat zalları yüksək səviyyədə qurulmuşdur.

Azərbaycan Prezidenti əlbəyaxa döyüş zalında şəxsi heyətin nümunəvi çıxışlarına baxdı.

Məlumat verildi ki, trenajor zalı ən müasir avadanlıqla təchiz olunmuşdur. Kompleksdə basketbol, voleybol və digər kütləvi idman yarışlarının keçirilməsi üçün 360 tamaşaçı yerlik zal da yaradılmışdır.

Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşdü.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham ƏLİYEV Xidmətin şəxsi heyətini salamlayaraq dedi:

- Sabahınız xeyir olsun.

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan yenidənqurma-tikinti işləri ilə tanış oldum. İşlər çox yüksək səviyyədə görülür, inzibati binalar tikilir, təmir edilir. Gözəl idman kompleksi tikilmişdir. Burada istənilən yarışı keçirmək mümkündür. Əlbəttə ki, burada əməkdaşların fiziki hazırlığı üçün bütün imkanlar vardır. Çünki Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşəkarlığının tərkib hissəsi olan fiziki hazırlıq da yüksək səviyyədə olmalıdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq mümkündür. Əminəm ki, əməkdaşlar bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər, yüksək keyfiyyətlə, zövqlə tikilmiş bu idman kompleksi, uzun illər uğurla fəaliyyət göstərəcəkdir.

Əlbəttə ki, burada əməkdaşların xüsusi hazırlığı üçün bütün imkanlar vardır. Mən əvvəlki illərdə Xidmətin müxtəlif obyektlərinin - həm xüsusi hazırlıqla bağlı, həm də digər obyektlərin açılışında iştirak etmişəm. Yəni, bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazası kifayət qədər möhkəmdir. Bir neçə il bundan əvvəl hospital, təlim bazası açılmışdır. Xüsusi hazırlıq, fiziki hazırlıq, eyni zamanda, mühafizə tədbirlərinin gücləndirilməsi üçün burada bütün imkanlar vardır.

Bu gün yeni texnologiyalar tətbiq edilir. Əlbəttə ki, biz Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi işində bu texnologiyalardan istifadə edirik, müşahidə imkanları genişlənir. Yəni, texniki təchizat sizin işinizi yüngülləşdirir. Ancaq, eyni zamanda, əməliyyat işləri də həmişə böyük önəm daşıyır. Xidmətin əməliyyat işləri də yüksək səviyyədədir.

Xidmətin çox böyük funksiyaları vardır. Dövlət orqanlarının, dövlət obyektlərinin mühafizəsi məsələləri böyük əhəmiyyət daşıyır. Bu gün müstəqil dövlətimizin uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilməlidir.
Azərbaycanda ictimai-siyasi asayiş təmin edilir, sabitlik mövcuddur və insanlarımız təhlükəsiz şəraitdə yaşayırlar. Əlbəttə ki, gələcək uğurlu inkişafımız üçün təhlükəsizlik tədbirləri həmişə diqqət mərkəzində olmalıdır. Mən Xüsusi Dövlət Mühafizə Xidmətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm.

Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Eyni zamanda, Azərbaycana gələn çoxsaylı yüksək vəzifəli nümayəndə heyətlərinin mühafizəsi də sizin məsuliyyətinizdir. Nəzərə alsaq ki, bu gün Azərbaycan və Bakı artıq siyasi və iqtisadi mərkəzə çevrilibdir, burada keçirilən tədbirlərin sayı həddindən artıq çoxdur. Bütün mötəbər tədbirlərdə mühafizə məsələləri yüksək səviyyədə təşkil edilir. Siz Azərbaycana gələn xarici dövlət, hökumət başçılarının mühafizəsini təmin edirsiniz. Zirvə görüşləri, digər beynəlxalq forumlar keçirilir. Əlbəttə ki, bu tədbirlərin mühafizəsi bilavasitə sizin məsuliyyətinizdir. Demək olar ki, Azərbaycanda hər ay, bəlkə də ayda bir neçə dəfə mötəbər tədbirlər keçirilir. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsində Xidmətin əməkdaşlarının xidmətləri vardır.

Eyni zamanda, ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən enerji sahəsində də sizin xidmətləriniz vardır. İxrac boru kəmərlərinin mühafizəsi də sizə həvalə edilibdir. Uzun illərdir ki, siz strateji enerji infrastrukturunun mühafizəsi ilə məşğulsunuz və bu illər ərzində bir dənə də xoşagəlməz hadisə olmamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər kəmərlər, onların fəaliyyəti Azərbaycan ərazisində ən yüksək səviyyədə təmin edilir. Bir dəfə də olsun heç bir qanunsuz müdaxilə olmamışdır. Ancaq başqa ölkələrdə belə müdaxilələr, qanunsuz əməllər, o kəmərlərdən neftin oğurlanması halları kifayət qədər çox olubdur. Bu, ilk növbədə onu göstərir ki, Azərbaycan əhalisi bu məsələyə lazımi səviyyədə yanaşır. Eyni zamanda, mühafizə sistemi də lazımi səviyyədə qurulubdur. Həm elektron vasitələrlə müşahidə, eyni zamanda, vizual müşahidə yüksək səviyyədə təmin edilir. Beləliklə, ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan əsas ixrac kəmərlərimiz Xidmət tərəfindən yüksək səviyyədə təmin edilir və qorunur.

Əlbəttə ki, mən Prezident kimi Xidmətin uğurlu fəaliyyəti üçün həmişə öz dəstəyimi vermişəm. Xidmətin rəhbərliyindən gələn demək olar ki, bütün təklifləri qəbul etmişəm. Xidmətin maddi-texniki bazasının yaxşılaşdırılması, əməkdaşların məişət problemlərinin həlli üçün lazım olan bütün göstərişlər verilmişdir. Bu gün deyə bilərəm ki, bu idman kompleksinin açılışı bu sahədə nəzərdə tutulmuş bütün işləri tamamlayır: hospital, təlim-məşq mərkəzi, idman kompleksi, situasiya mərkəzi və müasir avadanlıqla təchizat - bütün işlər yüksək səviyyədə aparılır.

Son illər ərzində biz sizinlə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşük. Bir daha demək istəyirəm ki, mən Xidmətin fəaliyyətini yüksək qiymətləndirirəm. Xüsusi Dövlət Mühafizə Xidməti ölkəmizin uğurlu inkişafında böyük rol oynayır. Azərbaycanda təhlükəsizliklə bağlı bütün tədbirlər yüksək səviyyədə təmin edilir. Əminəm ki, bundan sonra da belə olacaqdır. Çünki yerləşdiyimiz region əlbəttə ki, hamımızdan xüsusi diqqət tələb edir. Azərbaycanın ətrafında gedən xoşagəlməz proseslər əlbəttə ki, bizi daha da səfərbər etməli, daha da diqqətli olmağa çağırmalıdır. Biz buna hazırıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, o cümlədən daxili sabitlik və təhlükəsizlik hesabına təmin edilir.

Sizə yeni ildə yeni uğurlar arzulayıram. Bu kompleksin, ümumiyyətlə, burada aparılan işlərin yüksək səviyyədə olduğunu bir daha qeyd etmək və sizi bu işlər münasibətilə təbrik etmək istəyirəm.

X X X

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif AXUNDOV çıxış edərək dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi bir daha bizim hərbi şəhərcikdə şəxsi heyətin adından salamlayır, “Xoş gəlmisiniz” deyirəm. Bu, Sizin Xüsusi Dövlət Mühafizə Xidmətinə yeddinci səfərinizdir. Xidmətimizin fəaliyyəti ilə bağlı söylədiyiniz dəyərli fikirlərə görə də Sizə dərin minnətdarlığımı bildirirəm.

Bilirsiniz ki, Xüsusi Dövlət Mühafizə Xidməti 1993-cü ilin avqust ayında - Azərbaycanda vətəndaş müharibəsi və Ermənistan-Azərbaycan müharibəsinin getdiyi dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. Bu Xidmətin əsası o dövrdə qoyulmuşdur. İyirmi ildən artıqdır fəaliyyət göstərən Xidmətimiz digər xüsusi xidmət orqanları ilə müqayisədə gəncdir. Amma gənc olmasına baxmayaraq, çox yüksək döyüş qabiliyyətinə və güclü maddi-texniki bazaya malikdir.

Təbiidir, Xüsusi Dövlət Mühafizə Xidmətinin yenidənqurmadan sonra bu gün açılışında iştirak etdiyiniz hərbi şəhərciyi, müasir tələblərə uyğun bu idman kompleksi Azərbaycan standartlarına cavab verən səviyyədə qurulubdur. Stadion, inzibati binalar - bunların hamısı Xidmətimizə Sizin göstərdiyiniz diqqət və qayğının əyani nümunəsidir.

Bütün bu diqqət və qayğıya, fəaliyyətimizə, maddi-texniki bazamızın gücləndirilməsinə, şəxsi heyətin sosial-məişət problemlərinin həll olunmasına, sağlamlıqla bağlı hospitalın, “Nabran” istirahət mərkəzinin, - bizim şəxsi heyət burada istirahət edir, - açılmasına görə Sizə təşəkkür edirik. Təkcə 2003-2013-cü illər ərzində 800-ə yaxın mənzil tikilib istifadəyə verilibdir. Bu, Sizin diqqət və qayğınızdır, Xidmətimizin fəaliyyətinə göstərdiyiniz yüksək etimaddır.

Cənab Prezident, bu yüksək etimada görə Sizə şəxsi heyət adından bir daha təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da öz xidmətimizlə, əməyimizlə, işimizlə Sizin gərgin işinizlə ayaqlaşaraq etimadınızı doğruldacağıq. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin təşkili ilə bağlı imzaladığı Fərmanla yaradılan bu qurum təsis edildiyi gündən etibarən digər hüquq mühafizə orqanları kimi, ölkəmizdə sabitliyin və əmin-amanlığın təmin olunması, dövlətin təhlükəsizliyinin qorunması istiqamətində mühüm işlər görmüşdür. Azərbaycanın sürətli iqtisadi inkişafı, enerji sektorunda əldə edilən uğurlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artması, şaxələndirilmiş enerji marşrutlarının təhlükəsizlik məsələləri Xüsusi Dövlət Mühafizə Xidmətinin qarşısına yeni vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin yaradılması qurumun fəaliyyətini daha da genişləndirmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının daha da artırılması, qurumun ən müasir texniki avadanlıqla təchiz olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır.

Dövlətimizin başçısının Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Müasir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi yaradılmışdır. Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa ölkələrinin əksəriyyətində istifadə edilən “TETRA” radiorabitə sistemi tətbiq olunur. 2013-cü ilin aprelində Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin yaradılması qurumun üzərinə yeni vəzifələr qoymuşdur.

Xüsusi Dövlət Mühafizə Xidməti son illər Azərbaycanda gedən sürətli inkişaf prosesləri, ölkədə nəhəng infrastruktur layihələrinin icrası, dövlət orqanlarının işinin keyfiyyətcə yeni mərhələyə daxil olması və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla həyata keçirir. Şəxsi heyətin sosial həyat şəraitinin yaxşılaşdırılması, xidmətin səviyyəsinin daha da yüksəldilməsi ilə əlaqədar tədbirlər də ardıcıl olaraq davam etdirilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin tikilməsi və bu çərçivədə bir çox digər tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib