“Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramında (kurikulumu)”nda deyilir: “Məktəbəqədər təhsil dövlət proqramı (kurikulumu) əsasında həyata keçirilir” [2, səh.1]. Bununla əlaqədar uşağın sosial adaptasiyası problemləri meydana çıxır.
Bir çox hallarda uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbulu onun yeni həyatın qaydalarına sosial adaptasiyası problemləri ilə müşayiət olunur. Bütün uşaqlar heç də həmişə bu problemlərin öhdəsindən gələ bilmirlər.
Adaptasiya orqanizmin yeni və ya dəyişən mühitin şərtlərinə uyğunlaşması bacarığıdır. Adaptasiyanın iki aspekti məlumdur: fizioloji və psixoloji. Yalnız psixoloji aspektin üzərində dayanaq. Psixoloji adaptasiyanın ilkin çətinlikləri uşağın ailədən çıxmağa psixoloji cəhətdən hazır olmamasının nəticəsidir.
Uşağın sosial kontaktların genişlənməsinə və məktəbəqədər müəssisədə təlim-tərbiyəyə riayət etməsinə hazır olmaması müxtəlif səbəblərlə şərtlənə bilər. Uşağın daim ananın yanında olması və ondan kömək almasına baxmayaraq, həmyaşıdları və yeni tanış olduğu yaşlılarla ünsiyyət yarada bilməməsi, onun psixoloji bacarıq və vərdişlərinin kifayət qədər olmaması və s. bu səbəblərdəndir.
Son zamanlar məktəbəqədər müəssisələrə cəlb edilən kiçikyaşlı uşaqların yeni mühitə sosial adaptasiyası problemi çox aktualdır. Bu, uşaq üç yaşına çatan kimi valideynlərin onu məktəbəqədər müəssisəyə vermək arzusu ilə izah olunur. Valideynlərin arzularını nəzərə alaraq məktəbəqədər müəssisələrin şəbəkəsini dövlət səviyyəsində genişləndirmək və bu müəssisələrdə təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək tələb olunur. Bununla əlaqədar uşağın yeni sosial şəraitə adaptasiyasında baş verən çətinliklərin qarşısını almaq, onun psixi və fiziki sağlamlığını qorumaq üçün məktəbəqədər müəssisəyə qəbula psixiloji hazırlığın göstəricilərinin müəyyənləşdirilməsi ehtiyacı qarşıya çıxır.
Uşağın məktəbəqədər müəssisəyə qəbuluna psixoloji hazırlığının qiymətləndirilməsinin tibbi müayinə kompleksinə loqoped və psixoloqun məsləhətləri də daxildir. Loqoped müayinəsi uşağın nitq inkişafının səviyyəsinin, psixoloji müayinə isə yaşa uyğun psixoloji nailiyyətlərinin müəyyənləşdirilməsinə istiqamətlənir. Toplanmış psixoloji-pedaqoji məlumatlar əsasında uşağın veriləcəyi təhsil müəssisənin növü, orada psixoloji-pedaqoji köməyin forma və növləri müəyyən olunmalıdır. Psixoloji-pedaqoji müayinənin bu aspekti məktəbəqədər müəssisəyə qəbula hazırlığın öyrənilməsi metodu kimi kifayət qədər tədqiq olunmamışdır. Beləliklə,təcrübədə uşağın psixi inkişafının diaqnostikası prosesində mütəxəssislər onun sosial kompetensiyasının səviyyəsini, demək olar ki, öyrənmirlər.
Hazırda üçyaşlıların məktəbəqədər müəssisəyə hazırlığı probleminin, kiçikyaşlıların sosial kompetensiyalarının öyrənilməsinin elmi cəhətdən əsaslandırılmış metodikası yoxdur.
Kiçikyaşlı uşaqların psixoloji müayinəsinin aparılması məqsədilə mövcud metodik tövsiyə və vəsaitlərdə uşaq bağçasına hazırlığın aşağıdakı meyarları göstərilir:
· uşağın pasport yaşı; · psixi inkişaf səviyyəsi; · şəxsi gigiyena, təmizlik vərdişlərinə yiyələnmə və onları müstəqil yerinə yetirə bilmə bacarığı.
Əsas problem isə odur ki, uşaq bir müddət anasındam ayrılmağa, tanış olmadığı uşaqlarla ünsiyyət qurmağa psixoloji cəhətdən hazırdırmı? Valideynlər, məktəbəqədər müəssisənin mütəxəssisləri tərəfindən uşağın nitq inkişafının səviyyəsi, sosial davranışın norma və qaydalarının başa düşülməsi, onları riayət edilməsi imkanları nəzərə alınmır. Əksinə, çox vaxt valideynlər öz uşaqlarında ünsiyyət vərdişlərinin zəif inkişaf etdiyini görərək, onları məktəbəqədər müəssisəyə verməyə tələsirlər ki, təcrübəli pedaqoqlar həmin çatışmazlığı aradan qaldırsınlar.
Ümumiyyətlə, kiçikyaşlı məktəbəqədər uşağın ailədən çıxmağa psixoloji cəhətdən hazırlığı problemi heç də məktəb təliminə hazırlıq problemindən az əhəmiyyətli deyil. Bununla belə, məktəbəqədər müəssisəyə qəbulun dəqiq meyarları və göstəriciləri indiyədək müəyyənləşdirilməmişdir. Elmi-metodik ədəbiyyatda isə uşağın yeni mühitə adaptasiyasını müəyyən edən və ona təsir göstərən bəzi psixoloji sahələr qeyd olunur. Bu təzadlar üçyaşlıların uşaq bağçalarına getmələrini, yəni öyrəşdikləri həyat tərzinin dəyişilməsinin göstəricilərini aşkara çıxarmaq üçün kompleks tədqiqatların aparılmasına əsas verir.
Kiçikyaşlıların psixoloji-pedaqoji müayinəsi səhər, qidalanmadan bir saat əvvəl, gündüz yuxu- suna iki saat qalmış aparılmalıdır. Müayinənin aparıldığı otağın havasının temperaturu 21° olmalıdır. Otaq geniş, işıqlı olmalı, səs keçirməməli, uşaqların özlərini normal hiss etmələri üçün hər bir şərait yaradılmalıdır. Müayinə prosesi 20 –25 dəqiqədən artıq davam etməməlidir. Bu müddət ərzində uşaqlara ardıcıl surətdə diaqnostik tapşırıqlar verilməlidir.Tapşırıqlar aşağıdakı sahələri əhatə etməlidir:
• Sosial kompetensiya: böyüyün tələblərini yerinə yetirir; sosial normalara riayət edir; təmizlik vərdişləri möhkəmənib; məişətdə müstəqildir; əşyavi-oyun fəaliyyətində tanış olmadığı böyüklərlə kontakta girir və s.
• Emosional fon: uşaqlara can atır, onlarla oynamağı və ünsiyyətdə olmağı sevir, emosional fon müsbətdir, nevrotik reaksiyalar mövcuddur, yeni mühitə tez adaptasiya olunur.
• Nitq inkişafı üzrə tapşırıqları yerinə yetirir, sadə ifadələrin köməyi ilə ünsiyyət qurur
•Vizual-hərəki təfəkkür səviyyəsi – orta və ya yüksəkdir. Yüksək səviyyəli uşaq böyüklərin köməyi olmadan bütün tapşırıqları müstəqil yerinə yetirir. Orta səviyyəli uşaq bir dəfə göstərdikdən sonra yerinə yetirir, bəzən oyunun gedişində və ətraf mühitə praktik oriyentasiyada çətinlik çəkir.
Psixoloji-pedaqoji müayinə pedaqoqun uşaqla qısa (1–2 dəqiqəlik) tanışlığı ilə, belə suallarla başlayır:
– Uşaq hara gəlib? Burada nə onun xoşuna gəlir? O, hansı oyuncaqla oynamaq istəyir? və s.
Pedaqoqun nitqi sadə və anlaşıqlı, uşağın başa düşəcəyi tərzdə olmalıdır. Ünsiyyət prosesində pedaqoq uşağın sosial kommunikasiyalarının keyfiyyətinə, nitqinin kommunikativ funksiyalarının formalaşma səviyyəsinə diqqət yetirməlidir.
Diaqnostik tapşırıqlar uşağın yaşına uyğun əşyavi-oyun fəaliyyətində və situativ-işgüzar əməkdaşlıq şəraitində verilir. Tapşırıqların məqsədi və yerinə yetirilmə şərtləri başa salınır. Mütəxəssis nəticəni almaq üçün uşağın istifadə edəcəyi yolları və hərəkət ardıcıllığını bildirir. Lazım gəldikdə, hərəkətləri özü nümayiş etdirir,uşağın nəticəyönümlü hərəkətlərini müsbət qiymətləndirir.
Psixoloji-pedaqoji diaqnostikanın məlumatları klinik müayinələrin və laborator tədqiqatların nəticələri ilə müqayisə olunur. Bu, kiçikyaşlı uşaqların inkişafının kompleks kliniki-psixoloji-pedaqoji xarakteristikasını tərtib etməyə imkan verir. Uşaqlar haqqında toplanılan bütün məlumatlar üç informasiya blokunda ümumiləşdirilir:
• klinik faktlar;
• psixi inkişafın fərdi psixoloji xarakteristikası;
• sosial faktlar.
Uşaq kollektivinə qoşulmağa hazırlığın bir göstəricisi də nitqin inkişaf səviyyəsidir. Bütün uşaqlar çətinlik çəkmədən yeni tanış olduqları şəxslərlə ünsiyyətdə olur, onlara sadə suallar verir, verilən cavabları başa düşür və yeni bilik və bacarıqlara yiyələnirlər. Nitqlə yanaşı, mimika və jestlərin köməyi ilə də dediklərinin böyüklər tərəfindən anlaşılmasına çalışırlar. Ünsiyyət onlar üçün yaşlılarla birgə fəaliyyətin aparıcı formalarından biridir. Erkən yaş dövrünün sonuna yaxın toplanmış kommunikativ və sosial vərdişlər uşaqlara unsiyyətə təşəbbüs göstərməyə, onu davam etdirməyə, tərəfdaşına arzuları, hissləri, tələbatları haqqında məlumat verməyə, ondan kömək istəməyə imkan verir.
Uşaqların daha mühüm bir xüsusiyyəti – yeni sosial şəraitə tez uyğunlaşmaları üzərində də dayanmaq istərdik. Əyani-hərəki təfəkkür fərddə qarşıya çıxan problemlərin sensor bacarıqların və obyektlərin sosial mahiyyətindən səmərəli istifadə yolu ilə həll olunması, situativ-praktik tapşırıqların həllində onların arasındakı qarşılıqlı məna əlaqələrinin qurulması bacarığını aşılayır. Məlumdur ki, uşağın psixikasının xarici mühitlə qarşılıqlı təsiri prosesində təcrübənin toplanması, onun tədricən əqli fəaliyyətə çevrilməsi, həmçinin qavramanın təkmilləşməsi, ixtiyarı diqqətin güclənməsi nəticəsində meydana gəlir. Belə təfəkkür tərzi müqayisə əməliyyatlarını həyata keçirməyə, ətraf aləmdə praktik oxşarlığı aşkara çıxararaq əşyaları zahiri əlamətlərinə və ya sosial mahiyyətinə görə qruplaşdırmağa, müşayiətedici, müəyyənedici nitqin köməyi ilə hərəkətlərin məqsədyönümlü və nəticəyönümlülüyünü qiymətləndirməyə imkan verir. Uşaqlar onlara yaxşı tanış olan əşyalar, hadisələr və hərəkətlər arasındakı qarşılıqlı əlaqəni görür, başa düşür, onları müəyyən ardıcıllıqla birləşdirirlər. Uşaqlar fəzada və müstəvi üzərində istiqamət götürməyi bacarır, sxemlərin köməyi ilə əşyanın obrazını yarada bilirlər. Onların motor koordinasiyası, biləklərinin və əl barmaqlarının hərəkətləri cəldliyi və dəqiqliyi ilə seçilir. Oyun prosesində uşaqlar əşyalardan istifadə edir, fəaliyyət prosesində onların təyinatını bilir və nəzərə alırlar.
Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbula hazır olmalarının daha bir mühüm xarakteristikasını emosional sferasının vəziyyəti, onların baş verənlərə münasibətlərini və emosiyalarını bildirmələri üçün istifadə etdikləri vasitə və yollar təşkil edir. Uşaqlarda müsbət emosional əhvali-ruhiyyə müşahidə olunur, hər bir yenilik onlarda yüksək maraq və dərketmə arzusu yaradır. Körpələr diqqətlərini 3–5 dəqiqə ərzində hər hansı bir fəaliyyətin məqsədəuyğun yerinə yetirilməsinə yönəldir, müsbət nəticə əldə etməyə çalışır, müxtəlif mimika və emosiyalarla baş verənlərə öz münasibətlərini bildirirlər. Onlar yorularkən tərbiyəçinin diqqətini başqa fəaliyyət növlərinə yönəltməyə çalışırlar. Yalnız güclü yorğunluqdan, qrup otağında 30–35 dəqiqə olduqdan sonra öz narahatlıqlarını göstərməyə, şıltaqlıq etməyə başlayırlar. Uşaqların bir hissəsində yorğunluq və neqativ hallar passivliklə müşayiət olunur, onlar analarının yanında olmaq, ona toxunmaq istəyirlər. Bəzilərində isə bir qədər narahatlıq, əsəbilik, ağlama və s. hallar müşahidə olunur. Davranışın bu xüsusiyyətləri normativ hal olmaqla üçyaşlıların mərkəzi sinir sisteminin hələ tam inkişaf etməməsi ilə izah edilir.
Müxtəlif psixoloji-pedaqoji metodların köməyi ilə alınan məlumatları ümumiləşdirərkən aydın olur ki, yeni mühitə tez uyğunlaşan uşaqlar stabil sağlamlığa malikdirlər. Yaşlıların təşkil etdikləri məqsədyönlü dərketmə fəaliyyətinin müddəti 30 dəqiqə çəkir ki, bu da sərbəstliyin, məqsədyönlülüyün və müstəqilliyin olmasından, diqqət, yaddaş, qavrama kimi psixi proseslərin formalaşma səviyyəsindən xəbər verir. Uşaqların psixolojoi-pedaqoji müayinəsinin nəticələrinin kliniki faktlarla müqayisəsi onların məktəbəqədər müəssisəyə qəbul olunmağa hazırlığının psixoloji göstəricilərini müqayisə etməyə imkan verir:
• orqanizmdə əhəmiyyətsiz funksional kənaraçıxmaların olmasına baxmayaraq stabil sağlamlıq vəziyyəti;
• inkişafın əsas istiqamətləri üzrə yaşa uyğun psixoloji nailiyyətlər;
• böyüklərin hərəkətlərini təqlid yolu ilə və sadə nitq təlimatlarına riayət etməklə yeniliyi mənimsəmə bacarığı;
• böyüyün tələblərinə riayət etmək, müstəqil əməl etmək, sadə sosial normaları və bir çox özünəxidmət vərdişlərini mənimsəmək, həmçinin həmyaşıdları ilə qarşılıqlı münasibətləri saxlamaq bacarığı.
Bu göstəricilər uşaqların uşaq bağçasına tez adaptasiya olunmalarının müsbət proqnozunu təmin edir. Göstəricilərdən, heç olmasa, birinin olmaması uşağın yeni mühitə sosial adaptasiyasını çətinləşdirir. Mümkün adaptasiya çətinliklərinin qarşısını almaq üçün yaşa uyğun psixoloji nailiyyətlərin formalaşdırılması və ya inkişafı üzrə xüsusi pedaqoji iş aparmaq lazımdır.
Beləliklə, aşağıdakı nəticələrə gəlirik:
• Ətraf aləmlə sosial qarşılıqlı münasibətlərə tələbat, təcrübə və vərdişlər, əyani-hərəki təfəkkür, sadə sosial adaptasiya prosesinə təsir göstərir.
• Üçyaşlıların psixoloji-pedaqoji diaqnostikası onların sağlamlığının kompleks müayinəsinin ayrılmaz hissəsi kimi aşağıdakıları müəyyən etməlidir: xarakterik emosional vəziyyət, üniyyətə münasibət, böyüklərlə, həmyaşıdları ilə ünsiyyətin motivləri, formaları, təfəkkür tərzi, yeniliklərin və kommunikasiyaların, o cümlədən, nitqin psixoloji vasitə kimi mənimsənilməsi, şəxsi gigiyena, özünəxidmət vərdişlərinə yiyələnmənin aktual səviyyəsi.
• Klinik və psixoloji-pedaqoji məlumatların müqayisəsi uşaqda tərbiyənin sosial şərtlərinin dəyişilməsinə, əsasən, məktəbəqədər müəssisəyə qəbula göstəricilərin olub-olmamasını müəyyən etməyə imkan verir.
• Uşağın məktəbəqədər müəssisəyə hazır olması haqqında məlumatı əldə edərək, mümkün çətinliklərin xarakterini proqnozlaşdıra, onların aradan qaldırılması istiqamətlərini müəyyən edə bilərik.
Uşağın məktəbəqədər müəssisəyə qəbulundan əvvəl onların psixoloji-pedaqoji müayinəsinin nəticələri mütəxəssisləri, valideynləri onların sosial kompetensiyalarının yüksəldilməsi və yeni sosial şəraitə müvəffəqiyyətlə adaptasiya olunması üçün təlim-tərbiyənin fərdi proqramının tərtibi üçün faktlarla təmin edə bilər.
Leyla Bayramova,
Abşeron rayonu, Xırdalan şəhəri, 24 nömrəli uşaq bağçasının müdiri