Tədbiri açıq elan edən bağçanın müdiri Zeynəb Ağayeva qonaqları salamlayaraq, uşaqların hər birinə uğurlar dilədi və bildirdi ki, 2 saylı uşaq bağçası yeni binasında 2014-cü ildən fəaliyyət göstərir. Bu illər ərzində yüzlərlə uşaq bu bağçada tərbiyə almışdır. Hazırda burada 6 qrup – 2 böyük, 1 orta,1 kiçik və 2 məktəbəqədər qrup fəaliyyət göstərir və həmin qruplarda 115 uşaq tərbiyə alır. Bu il 36 uşaq bağçadan məktəbə yola salınacaqdır.
Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov uşaqları məktəbə getmələri münasibəti ilə təbrik etdi, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzuladı. S. Qasımov həmçinin rayon rəhbərliyi tərəfindən Abşeron rayonunun kənd və qəsəbələrində təhsil sahəsində aparılan işlər və rayonda həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək bildirdi ki, Abşeronda son 12 ildə 50 yaxın bağça və məktəb tikilərək istifadəyə verilib.
Abşeron RİH başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eyvaz Rzayev əlamətdar gün münasibətilə valideynləri təbrik etdi, bağça dünyası ilə vidalaşaraq məktəb illərinə qədəm qoyacaq fidanlara uğurlar arzuladı.
Sonra uşaqların ifasında müsiqili-əyləncəli tədbir başladı. Müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar, xorun ifası tədbir iştirakçılarının alqışları ilə qarşılandı.
Tədbirin sonunda balaca fidanlarla xatirə şəkili cəkdirildi və tort kəsildi.
Şamo Əliyev