Xırdalan şəhər 26 saylı körpələr evi-uşaq bağçasında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə bağçanın kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Bağçada keçirilən anım tədbirində məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Nigar Səfərova 20 Yanvar hadisələri barədə körpə fidanlara ətraflı məlumat verib.
Bildirilib ki, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Qanlı hadisələrin ertəsi günü ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək açıq etiraz edib, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Sonra bağçanın fidanları faciə ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.