Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirildi. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbin tarix müəllimi Könül Əlizadənin “Tariximizin Xocalı səhifəsi” mövzusunda məruzəsi dinlənildi. Məruzədə Azərbaycanın bu qədim bölgəsinin tarixindən, Xocalı şəhərinin düşmənlərin diqqətini cəlb etməsi səbəblərindən söz açıldı, Xocalı soyqırımının “böyük Ermənistan” irqçiliyinin təzahür forması olduğu diqqətə çatdırıldı.
Məktəbin direktoru Şahin Yusifov qan yaddaşımıza hopmuş bu faciənin nəticələrini nəinki böyüklərin, hətta kiçiklərin də heç zaman unutmayacağını, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən olan Xocalı qətliamı barədə məktəblilərə vaxtaşırı ətraflı məlumat verildiyini vurğuladı.
Xocalı faciəsinə həsr olunmuş "Xocalı fəryadı" adlı ədəbi-bədii kompozisiya göstərildi. Tədbirin sonunda Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı əsrin faciəsini əks etdirən film nümayiş olundu.
Firuz Dadaşov