20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin kütləvi qəhrəmanlığıdır.
Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi 20 yanvar faciəsinin 27-ci ildönümü Abşeron rayonundaki körpələr evi-uşaq bağçalarında da müxtəlif tədbirlərlə qeyd olunur. Belə tədbirlərdən biri də Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında keçirilib.
Simvolik olaraq hazırlanan “Şəhidlər Abidəsi” önünə tər qərənfillərin qoyulması ilə başlayan anım tədbirində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və 20 Yanvar faciəsində canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bağçanın müdiri Könül İbrahimova giriş sözlə çıxış edərək bildirib ki, yanvarın 20-də 131 insan öldürülmüşdü. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4 nəfər itkin düşmüşdür. 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda-Neftçala və Lənkəranda 26 nəfər öldürülmüşdü. O dövrdə xalqı meydanlara səsləyənlər qaçıb gizlənəndə xalqın ağır günündə imperiyanın heç bir güc mexanizmindən qorxmayan Ulu öndər Heydər Əliyev ailəsi ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və etiraz səsini yüksəltdi, bu ədalətsizliyi qətiyyətlə pislədi.
K.İbrahimova çıxışında bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günüdür.
Sonra balaca fidanlar faciəyə həsr olunmuş şerlər səsləndiriblər. Əsgər paltarları geyərək vətənin daim keşiyində duracaqlarını bildirən körpələr, maraqlı kampazisiyalar nümayiş etdiriblər. Bağçanın tərbiyəçiləri tərəfindən təşkil olunan tədbirin keçirilməsində məqsəd 20 yanvar şəhidlərinin xatirəsini yad etmək, şanlı tarixi uşaqlara bir daha xatırlatmaq olub.
Sonda bağçanın azyaşlıları 20 Yanvar faciəsi qurbanlarının xatirəsi naminə Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirib.