Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev Polşanın Varşava şəhərində Dünya Amputant Futbol Federasiyası və Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə fevralın 1-dən 3-dək keçirilən 2020-ci il Avropa çempionatının püşkatma mərasimində iştirak edib. Püşkatma mərasimində dünyanın 16 ölkəsi təmsil olunub.
Çempionatda ölkəmizi Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının yığma komandası təmsil edəcək. Püşkün nəticəsinə görə, B qrupunda yer alan təmsilçimizin rəqibləri İngiltərə, Fransa və Yunanıstanın yığma amputant komandaları olacaq.
Avropa futbol amputant federasiyalarının rəhbəri Simon Beker ilə görüşdə Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbəri Rövşən Quliyev çıxışında Azərbaycan komandasının yaranma tarixindən, fəaliyyətindən, qazandığı uğurlardan və ölkəmizdə bu idman növünə olan maraq və yaradılan şəraitdən danışıb. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, torpaqlarımızın 20 faizinin işğal olunmasından söz açıb, bu müharibə nəticəsində əlil olmuş insanların cəmiyyətə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.
Rövşən Quliyev ölkəmizin sivil, multikultural dəyərlərə sadiq olduğunu vurğulayaraq, Azərbaycanın bir çox mötəbər idman yarışlarına ev sahibliyi etdiyini bildirib, Bakıda I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının uğurla təşkil edildiyini söyləyib.
Səfər çərçivəsində Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbərliyi xarici televiziya nümayəndələrinə müsahibə verərək, Azərbaycanda müharibə əlillərinə göstərilən diqqət və qayğıdan söz açıb, Qarabağ həqiqətlərini çatdırıb.