Nə az, nə çox, düz 50 il sözlə çarpışdı, sözə boylandı Zəlimxan Yaqub. Bu yola 15 yaşında çıxmışdı. Kəpənəkçidə, sazın-sözün içində böyümüşdü. Yaxşı bilirdi ki, bu yolda Azərbaycanı tanıdan nəhənglər var, hər sözü dünya boyda olan kişilər var. Bu yolda var olmağın, özünü təsdiq etməyin böyük hünər olduğunu anlamamaq mümkünsüz idi. Ona görə də könül verdiyi şeirin əlçatmaz zirvəsində özünü təsdiqləmək üçün çox yuxusuz gecələr keçirdi. Özünün dediyi kimi “Bir dəfə verilir vergi insana, qədrini bilməsən verilməz daha”. O, Tanrı vergisini, istedadını parlatmaq, “Mən də varam, mən də bu xalqın əsl söz adamıyam, şairiyəm” demək üçün yarım əsr bu dünya ilə söz davasına, fikir savaşına çıxdı. Amma neyləyəsən ki, günlərin birində, sevdiklərinə, Vətəninə, Azərbaycana əlvida dedi...
Nə yazdısa saz üstə köklədi, Dədə Ələsgərdən, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan ruhuna ruh, gücünə-güc qatdı. Zəlimxan Yaqub bu illər ərzində “Saz”, “Göyçə dərdi”, “Cavidan qız balası”, “Şair harayı”, “Sizi qınamıram”, “Vətən yaraları”, “Göyçədən gələn səslər”, “Borçalıdan qalan izlər”, “Yunis İmrə dastanı”, “Ey vətən oğulları”, “Suallar”, “Haqq-ədalət”, “Böyük ömrün dastanı”, ”O qızın göz yaşları”, “Şuşada balam qaldı” və başqa irihəcmli, epik-lirik səpkili poemaları, saz üstündə köklənən şeirləri ilə oxucuları sevindirə bildi. Son illərdə nəşr edilmiş “Bir əli torpaqda, bir əli haqda”, “Bu yaşıl ağacın altı bizimdir”, “Mən sənin qəlbinə necə yol tapım” adlı şeir və poemalar kitabı şairin ömür yolunda, yaradıcılıq taleyində ən böyük uğurlardan sayılırdı. Qarabağ müharibəsi mövzusunda yazdığı “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemalarına və “Ziyarətin qəbul olsun” kitabına görə bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb.
Yazdıqları, yaratdıqları dövrünün şeir və söz adamları, ədəbiyyatsevərləri tərəfindən hər zaman yüksək qiymətləndirilib. Onun haqqında hər zaman sözün və ədəbiyyatın nəhəngləri yüksək fikirlər səsləndirib. Belə ki, Nizami Cəfərov deyib: “Zəlimxan Yaqub bu dünyaya xüsusi missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq, böyük idealları tədqiq etməkdən, xalqla dövlət arasında əsrlər boyu ehtiyac duyulan harmoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidməti göstərməkdən ibarətdir”. Mirvarid Dilbazi: “Zəlimxanın misraları gözəlliyi, saflığı, sədaqəti, vətən məhəbbətini, insan ürəyinin çırpıntılarını tərənnüm edir”. Bəxtiyar Vahabzadə: “Əgər şair xalq ruhundan doğan sözü deyə bilirsə, o, həqiqətən xalqın ürəyində əks-səda tapır. Əks-sədaya çevrilmək üçün isə xalqla eyni yaşda olmağı bacarmalısan. Zəlimxan Yaqub belələrindəndir”. Hüseyn Arif: “Zəlimxan Yaqubu mənə doğmalaşdıran, sevdirən cəhət məhz budur ki, o, əsas enerjisini bəziləri kimi özünütəbliğə yox, təsirli, bəşəri mövzuları xalq ruhu ilə milli zəminlə bağlamağa sərf edir”. Musa Yaqub: “Zəlimxan sinəsi dolu şairdir. Vətən və torpaq sevgisi, bəlkə də, Zəlimxan şeirində birincidir”.
12 gün yaşamaq haqqını özündə saxlaya bilsəydi, 66 yaşını qeyd edəcəkdi Zəlimxan Yaqub. Gəlişi ilə bizi bizə tanıdan, sazı, sözü yenidən yaddaşımızda təzələyən, Azərbaycan dilini şirin danışığı, obrazlı ifadəsi, güclü yaddaşı ilə təzədən bizlərə sevdirən Zəlimxan Yaqub ölümü ilə də sanki ölümü kövrəltdi.