Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatında gənclərlə görüş keçirilib.
Rayon təşkilatının sədri Bilman Vəliyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli quruculuq-abadlıq işlərindən, daxili və xarici siyasət sahəsində qazanılmış uğurlardan, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıb.
B.Vəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Gənclər Birliyinin üzvləri rayon təşkilatında birləşən üzvlərin 50 faizdən çoxunu təşkil edir.
Sədr onu da qeyd edib ki, bu gün Ulu öndər Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə inamla addımlayır. Məhz bu inam sayəsində YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub: “Partiyamızın, onun yerli strukturlarının maddi-texniki bazası xeyli güclənib, kəmiyyətlə yanaşı, keyfiyyət göstəriciləri də əhəmiyyətli dərəcədə artıb. Ən xoş olan odur ki, Azərbaycanın sağlam, intellektual gəncliyi partiyamızın sıralarına qoşulur və onların bütövlükdə partiyada çəkisi artmaqdadır”.
Təşkilat sədri vurğulayıb ki, YAP üzvləri ölkəmizin inkişafı prosesində də fəal iştirak edirlər: “Bununla yanaşı, partiyamızın beynəlxalq əlaqələri də genişlənməkdədir. Mən inanıram ki, gələcəkdə də partiyamız inkişaf edəcək, yeni-yeni uğurlar qazanaraq xalqımızın etimadını hər zaman doğruldacaq”.
Tədbirdə çıxış edən gənclər ölkəmizdə həyata keçirilən uğurlu siyasətin daha geniş təbliğ olunması yönündə sosial şəbəkələrdə fəallıqlarını artıracaqlarını bildiriblər.