
Bu gün Abşeron rayonu Qobu 1 saylı orta məktəbinin və Qobu Uşaq İnçəsənət məktəbin kollektivinin təşkilatçılığı ilə Qobu mədəniyyət evində şair Əliağa Vahidin anadan olmasının 120 illiyi qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, akademik Vasim Məmmədəliyev, Bakı Dövlət Universitetinin müəllimləri, rayon Ağsaqqallar Şurasının üzvləri, kəndin ziyalıları, meyxana ustaları və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə Ə.Vahidin həyat və yaradıcılığından bəhs edən video-rolik göstərilib. Bundan sonra şairin qəzəlləri səsləndirilib, onun sözlərinə yazılış mahnılar, muğamlar oxunub. Qobu uşaq kollektivinin və gənc xanəndələrin ifasında dahi şairin yaradıcılığına bir daha əyahət edilib. Ə.Vahidin vaxtında səsləndirdiyi meyxanalar yada salınıb və meyxana ustaları tərəfindən mərhum şairin yazdığı qafiyələrə uyğun olaraq meyxanalar deyilib.
Tədbirin bədii hissəsi bitdikdən sonra akademik Vasim Məmmədəliyev çıxış edərək Ə.Vahidin qəzələ sadəlik gətirdiyini bildirib: “Məhəmməd Füzulidən sonra qəzəl yazmaq çox çətindir. Azərbaycanda qəzəl sahəsində çox tanınmış şairlərimiz vardır. M.Füzulidən sonra Seyid Əzim bu janrda özünəməxsus yer tutaraq xalqın yaddaşlarında qalıb. Onlardan sonra neçə-neçə şairlərimiz yaşayıb-yaradıblar. Lakin onların arasında Ə.Vahidin xüsusi rolu vardır. Bilirsiniz ki, sovet dövründə Vahidə qarşı müəyyən yad. Ögey münasibət bəslənilib. Buna baxmayaraq xalq onu sevib və yaşadıb”.
Ə.Vahidin Azərbaycan dilini gözəl bildiyini və ondan məharətlə istifadə etdiyini vurğulayan V.Məmmədəliyev şairin satirasının da çox güclü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Dövrün elə bir mühüm hadisəsi olmayıb ki, Vahid ona satirik yanaşma nümayiş etdirməsin” – deyən akademikin sözlərinə görə, Ə.Vahidin qəzəllərinin özünəməxsusluğundan biri də axıcı olması və dinləyiciyə yoruculuq verməməsidir.
Daha sonra BDU-nin professoru Rasim Süleymanov, kafedra müdiri Knyaz Aslanlı, Qobu 1 saylı orta məktəbin drektoru Cəbrayıl Cəfərquliyev çıxış edərək Ə.Vahidin yaradıcılığından söz açıb, onun şeirlərindən parçalar səsləndiriblər.