Novruz yeni gün, yeni həyat deməkdir. Azərbaycanlıların yeni ili olan Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.
“Sevinc paylaşdıqca çoxalar” deyiblər. Qayğıya ehtiyacı olan insanları bayramda yada salmaq, onları sevindirmək insanlığa yaraşacaq ən gözəl addımdır. Builki Novruz bayramı ərəfəsində Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Saray 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində Novruz şənliyi keçirilib.
Şənlikdə müəssisəsinin direktoru Pərvanə Səfərova, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Humbətov və rayonun digər fəal gəncləri iştirak ediblər.
P.Səfərova uşaqlara göstərilən diqqət qayğıya görə rayon rəhbərliyinə, YAP üzvlərinə təşəkkürünü bildirərək bu kimi tədbirlərin yeniyetmələrin yadında uzun müddət qaldığını və onların cəmiyyətə adaptasiyasına müsbət təsir etdiyini qeyd edib.
Balacalara bayram təravəti arzulayan Elgün Hümbətov isə əlavə edib ki, dövlətimizin imkanları genişləndikcə isə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və qayğı da artır.
Tədbirdə müəssisənin sakinləri sevindirilib, onlar üçün bayram süfrəsi açılıb, Novruz sovqatı təqdim edilib.
Qonaqların bayram hədiyyələrindən razı qalan uşaqlar bahara aid müxtəlif mahnılar səsləndirib, müxtəlif rəqs nömrələrini təqdim ediblər.