
Bu gün Xırdalan şəhərində fəaliyyət göstərən 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunub.
Dərslərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Tahsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Azər Babayev, milli qəhrəman Zabit Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları, ehtiyatda olan zabitlər, rayonun ümumi təhsil məktəblərinin direktorları və KİV nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə 2 saylı orta məktəbdə yenicə təmirdən çıxmış hərbi dərslərin keçirildiyi sinifə baxış keçiriblər. Bildirilib ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri rayonlar arasında ilk olaraq Abşeronda keçirilməsinə başlanılıb.
Abşeron haqqında məlumat verən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, hazırda rayon ərazisində 500 minə yaxın sakin yaşayır. Abşeronda fəaliyyət göstərən təhsil ocaqlarının hər birində milli vətənpərvərlik hisslərini aşılayan guşələrin yaradıldığını, Novxanı kəndindəki məktəbin Mehdi Hüseynzadənin adını daşıdığını vurğulayan başçı qeyd edib ki, açıq hərbi dərslərin və eləcə də hərbi vətənpərvərlik yarışlarının keçirilməsi uşaqlar arasında böyük ruh yüksəkliyi yaradır.
“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərslər Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb.
“Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə, “Mühəndis maneələri” mövzusunda ikinci dərs isə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə baş tutub. Dərslər interaktiv şəkildə və video roliklərin göstərilməsi ilə keçirilib.
Sonra 3 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil edilib.









