Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İLHAM ƏLİYEV MİSSİYASI

Tarix:25-12-2016, 00:17

İLHAM ƏLİYEV MİSSİYASI

Tarixi liderlər yaradır...
Yaradır yazdım, amma bu kəlmə, bəlkə də burada bir o qədər yerinə düşmədi. Çünki onların əsas vəzifəsi tarix yaratmaq deyil axı...
Heç bir lider tarixdə qalmağı, özünü tarixə çevirməyi qarşısına başlıca məqsəd kimi qoymur. Onlar sadəcə tarix qarşısında üzərlərinə düşən missiyanı yerinə yetirməyə çalışırlar. Liderlərin həyat və fəaliyyətini zərrə-zərrə yaddaşında ədədiləşdirən zaman isə o zərrələrin işığında yavaş-yavaş qosqoca bir tarixə çevrilir.
Bu mənada, hər liderin tərcümeyi-halı tarixdir, tarixin bir parçasıdır. Keçmişdən bizə qalan nə varsa, istər maddi mədəniyyət abidələri olsun, istər mənəvi irs olsun, fərq etməz, hansısa lider-şəxsiyyətin ömründəki bir anın əbədiyyətidir.
Bəşəriyyətin indiyə qədər əldə etmiş olduğu bütün maddi və mənəvi nailiyyətlərin hərəsində bir liderin imzası var.

***
Lider təkcə siyasətdə olmur...
Bütün dahi insanları - alimləri, ədəbiyyat adamlarını, rəssamları, musiqiçiləri, dövlət xadimlərini və başqalarını dahi adından başqa, həm də liderlik keyfiyyətləri birləşdirir. Onların hər biri öz sahəsinin liderləridir.
Şərt deyil ki, insanları fiziki məkan mənasında öz ətrafına toplayasan, böyük tribun kimi izdihamlı kütlələr qarşısında alovlu çıxışlar edəsən. Düşüncələrinlə başqalarının fikrinə təsir göstərməyin özü də bir liderlikdir. Əsərlərinlə hansısa bir cərəyan formalaşdırmaq da liderlikdir. Hansısa kəşfinlə gələcək alimlər qarşısında kiçik bir cığır açmaq da əsl liderliyin özüdür. Bütün bunların hər birində maraqlı ideyaların təşviqi, öz işinin pərgarı olmaq, yaradıcılıq enerjisi, inam və etibar, özünə qarşı tələbkarlıq, güc, ardıcıllıq - ən əsası isə məşğul olduğun işə ruhani bir bağlılıq, sevgi, sadiqlik var.
Bunlar olmasa, kimsə nə dahi ola bilər, nə də lider.
Çünki heç kəs anadan dahi lider kimi doğulmur...

***
Bütün bunları yaza-yaza istər-istəməz maraqlı bir məqam üzərində də düşünməli oluram. Liderlərin təkcə tarixin siyasət salnamələrində görünmədiklərini, elə indicə özüm qeyd etdim.
Elə isə o zaman görəsən niyə lider deyərkən ağlımıza ən əvvəl böyük dövlət xadimləri gəlir?!
Bəlkə də bu, böyük dövlət adamlarının yerinə yetirdikləri tarixi missiya ilə bağlıdır. Bir dahi yazıçı ola bilər ki, ədəbiyyat tarixinin müəyyən dönəmində ədəbi istiqamətlərə təsir göstərsin, rəssam - yaradıcılıqda yeni bir üslub müəyyənləşdirsin, alim - ixtirası ilə tarixdə böyük bir elmi-texniki inqilaba qapı açsın. Amma razılaşaq ki, bunların heç biri tarixin özünün gərdişini dəyişmək qədər çətin və möhtəşəm deyil.
Öz xalqlarının liderləri isə məhz bunu bacarırlar. Onlar qətiyyətləri, mətinlikləri, ideyaları ətrafına topladıqları kütlələrin gücü ilə tarixi yönləndirirlər.
Ona görə zaman lider adını, ilk növbədə, bu şəxsiyyətlərin halal haqqına çevirir.
Bir neçə gün əvvəl xalqımızın böyük fikir adamlarından olan Əhməd bəy Ağaoğlunun Mustafa Kamal Atatürkün vəfatından sonra öz qızına yazdığı məktubdan bir neçə cümləni oxudum və əsl liderin xalqın düşünən insanları, milli ruhunun daşıyıcıları üçün, əslində, kim olduğunu müxtəsərcə anladan bu cümlələr qəlbimi titrətdi: “Budur, iyirmi ildən bəri Türkiyəni öz varlığı ilə dolduran şəxsiyyət! Gözlərimiz, qulaqlarımız, ələlxüsus da qəlb və ruhumuz onunla o qədər dolmuşdu ki, indinin özündə də onu duymağa və eşitməyə davam edir, onun yoxluğuna inanmırlar. Nə deyim, belə bir şəxsiyyətin itirilməsi qarşısında dərin heyrətlə sükuta dalmaqdan başqa çarə yoxdur”.

Bəli, tarixdəki varlıqları ilə, işıqlı əməlləri ilə yüz illər sonra da insanların qəlb və ruhunu dolduran şəxsiyyətlər...
Babəki də, Şah İsmayıl Xətaini də, böyük Süleyman Qanunini də, I Təhmasibi də, I Pyotru da, Nadir şahı da, Corc Vaşinqtonu da, Mustafa Kamal Atatürkü də, Mahatma Qandini də, Heydər Əliyevi də, Azərbaycan Xalq Cümhuriyyətini qurub yaratmış müdrik kişiləri də və tarixin indiyə qədər xatırladığı digər böyük liderləri də birləşdirən ən ümumu cəhət onların insanların qəlb və idrakını aydınladan ruhudur. Xalqa qaranlıqdan işığa, keçmişdən gələcəyə doğru göstərdikləri aydın yoldur.

Və mənə görə, tarix qarşısında bundan daha böyük missiya yoxdur...
Əgər hansısa şəxsiyyət öz xalqının, cəmiyyətinin gələcəyi üçün buna kiçik də olsa cəhd göstəribsə, nəcib əməlinin nəticəsindən, gördüyü işin miqyasından asılı olmayaraq öz missiyasını yerinə yetirmiş sayılır.
Zamanın bu tayında dayanıb onların tarixdəki rolunu təftiş etmək isə bizlərə düşməz. Ona görə də keçmişi təftiş etməyin həmişə əleyhinə olmuşam. İndi görürsən ki, mətbuatda ara-sıra hansısa şəxsiyyətlər “məhşər ayağına” çəkilir. Atdıqları hansısa ziddiyyətli addımlara, yaxud yetirib başa çatdıra bilmədikləri işlərə görə onlara qarşı müəyyən ittihamlar irəli sürülür. Bunu tarixi şəxsiyyətlərin hər birinə münasibətdə görə bilərik. Böyük insanların mənəvi irsinin ictimai düşüncədə hər zaman diri qalması, onlara tez-tez müraciət edilməsi, bu mövzuda polemikaların aparılması, əslində, yaxşı haldır. Amma bu ittiham etmək üçün deyil, öyrənmək üçün, onların qoyub getdikləri irs üzərində yeni milli baxışların formalaşması üçün edilsə, daha gözəl olar.

Onlar öz missiyalarına tarixin hansı məqamında başladılar?!
Və bu liderlərin əməlləri sayəsində xalq, toplum öz tarixi təkamül yolunda haradan haralara gəldi?!
Məncə hər bir şəxsiyyəti, lideri, dövlət adamını qiymətləndirməyin ən doğru və ədalətli meyarı budur. Yoxsa bu günün bütün problemlərini keçmişin üzərinə yönəltməyə çalışsaq, öz tarixi məqsədlərimizdən də, missiyamızdan da, üstəlik məsuliyyətimizdən də uzaq düşmüş olarıq.
***
Liderlər tarix səhifələrində hər nə qədər fərdi və özünəməxsus görünsələr də, onların ömürlüyü, xalqların taleyindəki rolu bəzən bir-birinə çox bənzəyir.
Bəşəriyyəti qana çalxamış, milyonlarla insan faciəsinə müəlliflik etmiş Hitler, Stalin kimi istisnaları heç bir təsnifata aid etmək istəməzdim. Nə qədər acı həqiqət olsa belə, bəzən tarix səhnəsinə belələri də çıxır və onların öz ziddiyyətli şəxsiyyətləri, qanlı əməlləri ilə qazandıqları ən böyük qiymət tarixin lənətlənmiş səhifələrində xatırlanmaq olur. Bəşəriyyət tarixində bu cür tiranların da rolu böyük olub, inkar edə bilmərik. Amma bu rol tarixi irəliyə doğru hərəkətləndirən rol deyil, inkişafı axsadan, dünyanı öz axarından saxlayan roldur.
Ona görə də bu günkü dünyamızın mütərəqqi nailiyyətlərindən heç birini belələrinin ayağına yaza bilmərik. Çünki əgər tarix onlarsız yaşansaydı, bu nailiyyətlərin sayı indikindən qat-qat çox olardı.

Fateh liderlər...
Onlar sırasında rəğbət bəslədiklərim çoxdur. Amma onların da bu günkü dünyamızda nəzərə çarpan inkişaf nişanələrindəki rolu haqqında geniş söhbət aça bilməyəcəyəm. Bu fatehlərin bir zamanlar qurub-yaratdıqları hüdudsuz imperiyalardan tarixin indiki çağlarına çox az şeylər qalıb.
Bir də var bəşəriyyətə sülh, elm-bilik, ədalət gətirməyə çalışan, bütün ömrünü vətən abadlığına həsr etmiş qurucu liderlər. Ola bilər ki, bu liderlər böyük ərazilər fəth etməyiblər. Hüdudsuz imperiyalar qurub-yaratmayıblar. Amma onları birləşdirən mənəvi ərazinin hüdudları o qədər genişdir ki, hətta bu günkü dünyamızın ən böyük nailiyyətləri də o genişliyin içində kiçik görsənir.
Azərbaycan tarixində də qurucu liderlər çox olub: Hülaki xan, Atabəylər, Şah İsmayıl Xətai, I Təhmasib, Nadir şah... Yaratdıqları salnamələri vərəqləsək, bu şəxsiyyətlərin xalqa nələr bəxş etdiklərini, tarixin onlardan hansı şəkildə barındığını aydın görərik.
Bu sırada Heydər Əliyevi xüsusi xatırlayıram. Azərbaycanın milli dövlətçilik tarixində özünəməxsus yeri və rolu olan bu böyük dövlət adamının tarixi portretini müxtəlif cizgilərlə canlandırmaq olar. Amma mənim üçün Heydər Əliyev, ilk növbədə, tarixdən gəlib keçmiş bütün qurucu liderlərin ümumiləşmiş obrazıdır. Əsl qurucu şəxsiyyətlərə xas ən mükəmməl keyfiyyətlər onun obrazında öz ifadəsini tapmışdı.
ABŞ üçün İstiqlaliyyət Bəyannaməsinin müəllifləri olan “bani atalar”dan, Fransa üçün Napaleon Bonapartdan, Rusiya üçün I Pyotrdan, Almaniya üçün Bismarkdan, Hindistan üçün Mahatma Qandidən, Çin üçün Mao Tszedun və Den Syaopindən, Türkiyə üçün Mustafa Kamal Atatürkdən nə tələb olunurdusa, Azərbaycan üçün də Heydər Əliyevdə bu xüsusiyyətlər vardı. Uzun illər Heydər Əliyevlə həm siyasi, həm də coğrafi mənada çiyin-çiyinə çalışmış daha bir siyasət ustadı, Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin ulu öndər haqqında fikirlərini xatırlayıram: “Tale onu bütün sınaqlardan qüdrətli bir şəxsiyyət, böyük siyasətçi kimi çıxardı, tarix və reallıqlar isə bu həqiqəti təsdiqlədi”.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü hər gün bir daha təsdiqləyən bu reallıqlar bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan müstəqil Azərbaycan dövlətidir. Bu dövlətin istiqlalını daimi, əbədi və dönməz edən siyasi, iqtisadi, sosial, mədəni amillərdir. Bütün bunlar Heydər Əliyevin əsərləridir. Onun dövlət üçün, xalq üçün etdikləridir.

Vətən qarşısındakı xidmətləri ilə Heydər Əliyev adı Azərbaycan ruhuna o qədər hopmuşdu ki, bu gün Azərbaycan deyəndə Heydər Əliyev yazılır, Heydər Əliyev deyəndə Azərbaycan oxunur!..
Bu, tarixin Heydər Əliyevin həyat və fəaliyyətinə verdiyi ən böyük qiymətdir məncə...
***
İndi isə elə bir qurucu lider haqqında yazmaq istərdim ki, onun tarixdə hansı nailiyyətləri ilə qalacağını müəyyən etmək hələ bəlkə də tezdir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz ömürlüyü ilə bu tarixin yeni-yeni möhtəşəm səhifələrini yazmaqda davam edir.
Bu tarixin ən böyük hadisələri, yəqin ki, azad Qarabağ olacaq, dünyanın ticarət mərkəzlərində istehlakçıların keyfiyyətinə, dəyərinə görə əl-əl axtardıqları “Made in Shusha” markası olacaq, Azərbaycan alimlərinin, yazıçılarının Nobel nitqi olacaq...
Amma İlham Əliyevin milli dövlətçilik tariximizdə necə qalacağını, gələcək tarixçilərin onun ölkəmizə rəhbərlik dövrünü hansı istiqamətlərdə tədqiq edəcəklərini müəyyənləşdirən bir çox faktlar artıq indidən bəllidir.
Heydər Əliyev də Azərbaycanın milli dövlətçilik tarixində bir ilk idi, İlham Əliyev də bir ilkdir. Heydər Əliyev sovet dövründə Azərbaycan xalqının yetirdiyi və keçmiş SSRİ boyda nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri mərtəbəsinə qədər yüksələn ilk dövlət xadimimiz idi.
İlham Əliyev isə sırf Azərbaycanın müstəqillik tarixində formalaşan bu miqyasda ilk milli liderimizdir. Fəal siyasətə Azərbaycanın müstəqilliyi dövründə qədəm qoymuş İlham Əliyev xalqın müstəqillik ruhunun, yeni siyasi-iqtisadi, sosial-mədəni sistemə əsaslanan tamam fərqli reallıqlar dövrünün yetirdiyi milli liderdir.
Bu reallıqların ortaya qoyduğu yeni imkanlar qədər çətinliklər də kifayət qədərdir. İlham Əliyevin siyasi portreti, tarixinin intibah dövrünə qədəm qoyaraq aydın strateji hədəflərinə doğru yürüyən bir xalqın öz liderində görmək istədiyi keyfiyyət meyarlarını müəyyənləşdirir. Bu meyarlar İlham Əliyev şəxsiyyətində öz əksini tapıb.
Qədim dövrlərdən bəri dəyişməz qayda kimi, yeni dövrün lideri üçün də siyasətin, diplomatiyanın incəliklərini bilmək, geopolitik reallıqları, iddiaları xalqın milli maraqları ilə uzlaşdırmağı bacarmaq, ölkəni xarici və daxili təhdidlərdən qorumaq çox mühümdür.
İlham Əliyev bu işin peşəkarıdır. Amma onunla da razılaşaq ki, müasir dövrdə lider üçün təkcə siyasi biliklər kifayət etmir. Belə bir əyyamın lideri iqtisadçıdan çox iqtisadçı, sosioloqdan çox sosioloq olmalıdır, insanların psixologiyasını, müasir texnologiyaları, ölkənin təsərrüfat həyatının incəliklərini bu sahənin mütəxəssislərindən də yaxşı bilməlidir. Azərbaycan Prezidentinin sədrliyi ilə keçən hökumət müşavirələrini, onun proqram xarakterli çıxışlar etdiyi digər geniş toplantıları, açığını deyim ki, həm də belə bir maraqla izləyirəm.
İlham Əliyevin irəli sürdüyü tezislərə, toxunduğu məsələlərə, verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı fərman və sərəncamların məzmununa diqqət yetirdikdə, bir insanın cəmiyyət həyatının ən müxtəlif sferaları ilə bağlı bu qədər geniş bilgilərə sahib olmasına, vəziyyətin analizini belə dəqiqliklə aparıb çıxış yollarını müəyyənləşdirə bilməsinə, etiraf edim, heyrətlənirəm.

***
Bu gün dünyanın düzəni sabit bir ahəngdə deyil. Qlobal müstəvidə tez-tez dəyişən amillər, bir-birini əvəzləyən gözlənilməz təsirlər, bəzən, hətta ən mükəmməl şəkildə hazırlanmış strateji qərarları da əhəmiyyətsiz edir. İlham Əliyevin liderlik məharəti isə bundadır ki, Azərbaycan Prezidenti atdığı bütün addımlarda hər cür gözlənilməzlikləri nəzərə alır, dəyişikliklərə çevik reaksiya verə və öz qərarlarını reallıqla uzlaşdıra bilir. İlham Əliyevin timsalında bu ölkəyə qarşıya qoyulmuş məqsədləri və bu məqsədlərə doğru yolları irəlicədən görməyi bacaran, hər şeyin yerini, vaxtını vədəsini yaxşı bilən, bu yolda yerinə yetiriləsi vəzifələrin icraçılarını düzgün müəyyənləşdirən, onları ortaya qoyduqları işin nəticələrinə görə qiymətləndirən uğurlu bir menecer rəhbərlik edir. Ona görə də Azərbaycanı inkişaf yolundan sapdırmaq mümkün deyil.
İlham Əliyevin milli dövlətçilik irsində təkamül xətti aparıcıdır. Gələcəkdə bu dövrü tarixşünaslıq nöqteyi-nəzərindən tədqiq edən alimlər sosial təkamül ifadəsindən, yəqin ki, tez-tez istifadə etməli olacaqlar. Dünyanın müxtəlif ölkələrində inkişaf üçün fərqli yollar seçilib. Kimi dəyişikliklər üçün radikal islahatların tərəfdarı olub, kimi inqilabi yolla hər şeyi qırıb-dağıtmaq, sonra da yenidən qurmaq yolunu tutub, kimi də mühafizəkarlığı üstün sayıb. Nəticələrə baxanda isə görərik ki, bunların heç biri inkişafın təkamül yolu qədər uğurlu nəticələrə gətirməyib.
Radikal islahatlar bəzən nəzarətdən çıxıb və xaosa çevrilərək cəmiyyəti kökündən sarsıdıb. İnqilabların nəticələri barədə heç danışmayacağam, çünki hələ dünyanın heç yerində inqilablar insanları başlanğıcda qarşılarına qoyduqları ülvi məqsədlərə çatdırmayıb, əvəzində mövcud olanları da məhv edib dağıdıb, yenidən qurulması bəzən ümumiyyətlə mümkün olmayıb. Mühafizəkarlığın nəticəsi isə ətalətdir, vaxtdan geridə qalıb tarixin ardınca sürünməkdir.
Dünyada ancaq təkamül yolu ilə irəliləyən dövlətlər, cəmiyyətlər qabağa gedə biliblər və nə xoş ki, bir zamanlar ulu öndər Heydər Əliyevin seçdiyi bu kurs indi cənab İlham Əliyevin də fəaliyyətində başlıca xətt kimi nəzərə çarpmaqdadır. Azərbaycan Prezidenti cəmiyyətimizi inkişafa bu yolla aparır. Şəhərlərimizin, kəndlərimizin abadlaşan görkəmi, insanlarımızın təzələnən qiyafəsi kimi ictimai təfəkkürdə də bir yenilik rüzgarı əsir. İnsanların düşüncəsində müsbətə doğru çox irəliləyişlər baş verir.
Razılaşaq ki, təfəkkürlərə sirayət etməyən heç bir dəyişiklikdən müsbət nəticə gözləyə bilməzsən. Bu, tarixin dəfə-dəfə sübuta yetirdiyi bir həqiqətdir... Heç yadımdan çıxmaz, 90-cı illərin ilk illəri, demokratiya, azadlıq sözlərinin şüar olaraq dəb vaxtları idi. Azərbaycanın dövlət müstəqilliyinə nail olmasına, aylar qalmışdı, hamımız bu günün intizarında idik, amma yeni dövrün ictimai normalarının necə olacağı da çoxlarına tam aydın deyildi. Elə günlərin birində yolumuz Aran kəndlərindən birinin arxasındakı şossedən keçirdi. Ətrafda göz işlədikcə boş torpaq sahələri uzanırdı. Sovet dövründə yəqin ki, uzun illər pambıq, ya da taxıl əkilmiş bu torpaqları sulamaqdan ötrü ərazilərə betondan kanallar çəkilmişdi. Birdən əllərindəki ağır gürzlərlə bu betonları dağıdıb içindəki metal şəbəkələri çıxaran insanlar gördüm və təəccübləndim. Yerli sakinlərdən biri izah etdi ki, onlar həmin şəbəkələri öz həyətyanı torpaq sahələrini çəpərləmək üçün çıxarırlar. Təsəvvür edirsinizmi, azadlıq, demokratiya anlayışlarını o illərdə yanlış anlayan insanlar xırdaca bir mənfəət üçün bu torpaqların qan damarı olan, çox böyük xərc, zəhmət hesabına çəkilmiş infrastrukturu dağıdırdılar və yerli hökumət orqanları da buna loyallıq göstərirdi.
Bu epizodu xatırlamaqla yenə onu demək istərdim ki, əgər dəyişiklikləri təfəkkürlərdə başlatmasan, müxtəlif radikal qərarlarla yaratdığın yeniliklərin heç bir təsiri olmayacaq, bunlar yanlış anlaşılacaq və çox zaman da mənfi nəticələr verəcək.
İlham Əliyevin bir lider kimi ən böyük uğuru da onun inkişaf etdirdiyi cəmiyyətdir, bu gün öz müstəqil dövləti kimi onun əmlakına da sahib çıxmağı bacaran, ictimai mülkiyyəti də yavaş-yavaş öz mülkiyyəti bilən, onu dağıtmaq istəyənləri ictimai qınağın hədəfinə çevirən insanlardır.
Bu gün cəmiyyətimizdə çox güclü sosiallaşma prosesi gedir. İnsanlar bir çox naqisliklərin üzərinə yeriyir. Məsələn, qadına qarşı zorakılıq halları şiddətlə qınanır, uşaqlarla qaba rəftar, qızların məktəbdən kənarlaşdırılaraq erkən ərə verilməsi halları pislənir, mədəniyyətsiz davranışların aradan qalxması, insanların mədəni inkişafı üçün ictimai təşəbbüslər getdikcə güclənir, insanlar yenidən maarifə, kitaba, ciddi mədəniyyətə qayıdır.
Bütün bunlar bir lider kimi İlham Əliyevin yürütdüyü siyasətin barıdır. Onun böyük fədakarlıq hesabına qoruyub saxladığı sabitlik və inkişaf xəttinin bəhrəsidir. Axı qeyri-sabit cəmiyyətin tamam başqa problemləri olardı. Cəmiyyəti indiki dünyamızda belə bir qeyri-sabitliyə sürükləmək isə o qədər asandır ki, hətta bəzən ölkə rəhbərliyinin bircə düşünülməmiş addımı da yetər.
Necə ki, yaxın-uzaq ölkələrin son onilliklərə aid tarixi belə acı təcrübələrlə doludur.

***
Belə baxanda, bəşər övladları nə vaxt sakit, nizamlı bir dünyada yaşadılar ki?!
Amma indiki dünyamız lap qaynar qazana dönüb. Həm də indi problem təkcə sivilizasiyalar arasında müxtəlif formalarda, fərqli müstəvilərdə baş verən toqquşmalar, ayrı-ayrı qurulu məmləkətlərin cəmi bir neçə ayın içində xarabazara çevrilməsi, milli iqtisadiyyatların çökdürülməsindən ötrü müxtəlif planların işə salınmasında deyil.
Bu gün Yer üzündə normalar pozulub və bu anormallıqları dünyanın müxtəlif ölkələrində hakimiyyətə gələn qüvvələrin şüarlarında, təlqin etdikləri “dəyərlərdə” də görə bilərsən. Əgər cəmi 15-20 il əvvəl kimsə dünyamızda belə gülünc durumların yaşanacağını proqnozlaşdırsaydı, belə bir öncəgörməni yəqin heç kim ciddiyə almazdı. Amma indi bu durumlarla çağımızın acı reallıqları kimi baş-başayıq. Hətta hərdən adam təəccüb edir ki, əsrlər ərzində edilən bu qədər kəşflərin, elmi-texniki tərəqqinin, informasiya cəmiyyətinin inkişafının mənzil başı nədən belə bir dünya oldu?!
Bu anormallıqların çoxu siyasi aləmdəki gözlənilməzliklərdə yaşanır. İctimai fikir tarixlərini nəzərdən keçirsək, millət, milli, irqi, dini ayrı-seçkilik mərhələlərini başa vurub sadəcə insan və onun haqları mərhələsinə keçməli olan Avropada yenidən radikal sağ-mərkəzçilər hakimiyyətə gəlir. Bir çox ölkələrdə qızışdırıcı liderlər ortaya çıxır. Sanki indi yaşadığımız dünya cəmi bir neçə on il əvvələ qədər böyük mütəfəkkir liderlərin yaşadığı dünya deyilmiş.
Heç kim etiraf etmək istəməsə də, bu gün dünyamızda bir lider böhranı var. Ona görə də ideyalar getdikcə gözdən düşür, xalqlar ideyalara deyil, çılğın iddialara, ucuz avantüralara tapınır və bunun əziyyətini həmişə olduğu kimi, yenə də sadə insanlar çəkir. Ona görə bugünkü dünyamızda sabitliyi, sakitliyi, birgəyaşayış qaydalarını təmin etmək bu qədər çətindir. Çünki buna ancaq əsl liderlər nail ola bilər ki, onlar da ortada yoxdur.
Belə bir zamanda İlham Əliyev Yer üzündəki lider boşluğunu öz parlaq şəxsiyyəti, üstün keyfiyyətləri ilə dolduran çox az sayda liderlərdəndir.
Dünyada bir lider böhranının hökm sürdüyü indiki zamanlarda İlham Əliyev əsl lider nümunəsi kimi önə çıxır və təkcə Azərbaycan cəmiyyətində, Azərbaycan xalqı arasında deyil, reallıqları dürüst qiymətləndirməyi bacaran bir çox beynəlxalq dairələrdə də məhz bu statusda qəbul olunur.
Ola bilər bizi öz Prezidentimiz haqqında subyektiv mövqedən çıxış etməkdə qınasınlar. Amma belələrinə cavabım özünü çox gözlətməyəcək. Bəyəm biz başqa ölkələrin prezidentlərini də görməmişik?! Telekameralar önündə isterikanın gücündən əsməcə tutan, populist bəyanatlarla sarkazm hədəfinə çevrilən, ölkəsinə problem dalınca problem yaradan, ölçüsüz-biçisiz gülünc addımları ilə özünü də, xalqını da, dövlətini də gözdən salan, sadə insanların baş bəlasına çevrilən prezidentlər çoxmu uzaq tarixin faktlarıdır?!
Əlbəttə, bütün müqayisələr qüsurludur.
Amma orası da var ki, bütün həqiqətlər də elə müqayisə zamanı ortaya çıxır.

***
Liderlik xüsusiyyətləri, uğurlu lider üçün vacib olan cəhətlər indi dünyanın bir çox elmi mərkəzlərinin aktual mövzularındandır. Bu mövzuda bir-birindən maraqlı, motivasiyaedici kitablar nəşr edilir, insanlarda bu xüsusiyyətləri aşılamaqdan ötrü bir sıra didaktik təlimlər təşkil olunur.
Fikrimcə, uğurlu lider olmağın ən əsas şərtlərindən biri yerində, məqamında öz sözünü deməyi bacarmaqdır. Xalqımızın milli düşüncəsində bir insanın yeri gələndə sözünü deyə bilməsinin igidlik, qəhrəmanlıq keyfiyyətləri ilə assosiasiya olunması da əsla təsadüfi deyil. Xalq belə insanlara həmişə rəğbət bəsləyir, onların qətiyyət və səmimiyyətini yüksək qiymətləndirir.
İlham Əliyev bütün məsələlərlə bağlı öz sözü, öz baxışları, öz mövqeyi olan liderdir. Onun haqq mövqeyinə heç bir vəchlə təsir göstərmək, mövqeyindən geri çəkilməyə, milli maraqlarımızı nələrəsə güzəştə getməyə vadar etmək mümkün deyil. Çünki Azərbaycan Prezidentinin dilə gətirdikləri xalqın sözüdür, cəmiyyətin mövqeyidir. Ona görə İlham Əliyevin sözü belə ötkündür.
İlham Əliyev sözünü deyə bilən liderdir. O, diplomatiyanın qeyri-səmimiyyət örtüyünə bürünüb öz məkrli ismarıclarını müxtəlif üsullarla çatdırmaq istəyənlərin bu niyyətini çox dəqiqliklə tutur və bir neçə tutarlı kəlmə ilə onları yerlərində oturtmağı çox gözəl bacarır. Belə məqamlarda üstünlük həmişə Azərbaycan Prezidentinin tərəfindədir. Çünki o, səmimidir, haqlıdır, sözün düzünü söyləyir, obyektiv həqiqətləri tərs şapalaq kimi qeyri-səmimi həmsöhbətlərinin sifətinə çırpmaqdan çəkinmir.
Dünya Xəbər Agentliklərinin bu ilin noyabrında Bakıda keçirilmiş V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edərkən “Associated Press” agentliyi təmsilçisinin məqsədli sualına Azərbaycan Prezidentinin adekvat cavabı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətilə görüşdə ölkəmizə qarşı fəndgir münasibətə qarşı nümayiş etdirdiyi sərt mövqe, onları seytnot vəziyyətə salması, müxtəlif beynəlxalq tədbirlərdə onun Ermənistan prezidenti Serj Sarkisyanın qırmızı yalanlarını ifşa edən hazırcavablığı, bu ilin əvvəlində ABŞ-a səfəri zamanı səsləndirdiyi fikirlər özünə, xalqına, dövlətinə hörmətlə yanaşan və bu hörməti başqalarından da tələb edən, hər kəsə öz yerini göstərməyi bacaran liderin qətiyyət nümunəsi idi.
Bu cür qətiyyət və peşəkarlıq örnəkləri, əslində, Azərbaycan Prezidentinin qrafikində sıx-sıx baş verən adi hadisələrdir. Bizə isə ona görə xüsusilə maraqlı görünür ki, ictimaiyyətə onların çox az bir qismi sərgilənir.
İlham Əliyev qüdrətli sərkərdədir. Ali Baş Komandanımızın sərkərdəlik qüdrətinə bütün dünya ordumuzun bu ilin aprelindəki möhtəşəm zəfərində, Azərbaycan əsgərinin qalibiyyət əzmində bir daha şahid oldu.
İlham Əliyev birləşdirici liderdir. Onun Azərbaycanın milli maraqları ilə assosiasiya olunan ali şəxsiyyəti bir-iki pozucu ünsürləri istisna etsək, siyasi mövqeyindən, ictimai baxışlarından, hakimiyyətin yürütdüyü ümumi siyasətə münasibətindən asılı olmayaraq ölkədəki bütün qüvvələri bu maraqlar ətrafında bir araya gətirə bilir.
Azərbaycan Prezidenti əsl xalq adamıdır. O, xalqın arasına getməyi, insanlarla bir arada olmağı, tez-tez müxtəlif məkanlarda adi vətəndaşlarla ünsiyyət qurmağı çox sevir. Sadə insanlar da onu çox sevir. İlham Əliyevin gündəlik iş qrafikini əks etdirən rəsmi xronikalar müxtəlif bölgələrdə görüşlər zamanı ağsaqqalların, ağbirçəklərin Prezidentin uca boyuna sarılmasını, dövlət başçısının bu insanların illərin qırışlandırdığı çöhrələrindən öpməsini əks etdirən kadrlarla zəngindir. Bu, dövlətlə vətəndaşın bir-birinə sarılmasıdır, öz sevgisini, işığını, istisini bir-birinə ötürməsidir, bir-birindən güc almasıdır.
İlham Əliyev cəmiyyət həyatında yeni mənəvi dəyərlər yaradan dövlət adamıdır. O, xalqımızın milli dünyagörüşündə özünəməxsus yer tutan mərhəmət, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət kimi ali dəyərlərə yeni siyasi məzmun qazandırdı. Bu missiyanın uğurlarında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etməliyik. Yeri gəlmişkən, elə birinci xanım institutunun formalaşması da İlham Əliyevin milli dövlətçilik tariximizə bəxş etdiyi ali dəyərlərdən biridir. Birinci xanımın Azərbaycan Prezidentinə - ömür-gün yoldaşına dəstək olaraq təşviq etdiyi dəyərlər, milli-tarixi ənənələrimiz işığında yerinə yetirdiyi nəcib təşəbbüslər bu gün Azərbaycanı Qərblə Şərqin təmas mərkəzinə, mədəniyyətlərarası dialoq məkanına, sülh, tolerantlıq, multikulturalizm ünvanına çevirmişdir.
Bəli, İlham Əliyevin öz ömür yolu ilə yaratdığı tarix indikindən də işıqlı gələcəyə doğru davam edir. Bu gün - dekabrın 24-də isə bu böyük insanın ömründə iki 5 rəqəmi qoşalaşdı.

Bu gün Azərbaycan Prezidentinin 55 yaşı tamam oldu!
İnsanlar kimi rəqəmlərin də obrazı var. 5 - xoşbəxtliyi simvolizə edən rəqəmlərdəndir. Eyni zamanda qədim təlim-təhsil ənənələrindən irəli gələrək 5 rəqəmi, həm də üstün əmələ, örnək nailiyyətə verilmiş ən yüksək qiymətdir.
Biz də Azərbaycan Prezidentinin 55 yaşını onun ömrünün bu məqamına qədər xalqımıza, dövlətimizə qazandırdığı nailiyyətlərə zamanın ikiqat ən yüksək qiyməti kimi tarixə yazaq.

Doğum gününüz mübarək, cənab Prezident!..

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib