Xırdalan şəhər 2 saylı tam orta məktəbdə ingilis dilinin daha dərindən öyrənilməsi məqsədilə mütəmadi olaraq silsilə tədbirlər keçirilir.Bu gün növbəti dəfə məktəbin akt zalında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ingilis dilində tədbir kecirildi.
Məktəbin ingilis dili müəllimləri Günel Əhmədova və Nərmin Xancanlının təşkilatçılığı ilə hazırlanan tədbirdə məktəb rəhbərliyi, Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, Abşeron RİH-in, rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra uşaq siyasətindən bəhs edən videoçarx nümayiş etdirldi.
Bayram tədbirində Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından uşaqları təbrik etdi və onlara göstərilən dövlət dəstəyindən danışdı. S.Qasımov qeyd etdi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların sağlamlığı, təhsili, əyləncəsini təşkil etmək üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, yeni parklar salınır.Uşaq hüquqlarının müdafiəsi ilə bağlı onlarca qeyri hökumət təşkilatları maarifləndirmə işləri aparır və onlara əməli köməkliklər göstərilir.S.Qasımov bir daha uşaqları təbrik edərək bildirdi ki, rayonumuzda həyata keçirilən bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbiri çıxış edən məktəbin direktoru Ədalət Camalova bildirdi ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınmışdır. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.
Ə.Camalova uşaqlara qayğı göstərilməsinin və onların müdafiə olunmasının, həmçinin hüquqlarının qorunmasının dövlətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcu olduğunu vurğuladı, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görüldüyünü, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər yaşanan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara böyük diqqət və qayğı göstərildiyini qeyd etdi.
VII "f" və VI I"ç" sinif şagirdlərinin iştirakı ilə baş tutan bayram tədbirində uşaqlar dünya xalqlarının mahnı və rəqslərini ifa etdi, "Bir qalanın sirri" kinofilmindən fraqmentlər səhnələşdirildi və nümayiş etdirildi.
Şənliyin sonunda Ədalət Camalova məktəbin müəllim və şagird kollektivinin əhatəsində tort kəsərək, xatirə şəkilləri çəkdirdi.
Şamo Əliyev