Xırdalandakı 23 nömrəli uşaq bağçasında 8 qrupda 160-dan çox uşaq tərbiyə olunur. Onlardan 45-i 2016-2017-ci dərs ilində ilk dəfə əlinə çanta alıb məktəbə gedəcək. Bu münasibətlə iyunun 6-da tərbiyə ocağında "Əlvida bağça, salam məktəb" adı altında tədbir keçirildi.
Tədbiri açıq elan edən 23 saylı körpələr evi-uşaq bağçasının müdiri Aybəniz Sadıxova qonaqları salamlayaraq, uşaqların hər birinə uğurlar dilədi. A. Sadıxova qeyd etdi ki, bu il bağçaya əlvida deyən 45 uşaq məktəb həyatına qədəm qoyur. Bağban becərdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, biz də zəhmətimizin bəhrəsi olan gül balaların məktəbə hazır olmasını görəndə qəlbimiz sevinc və fərəhlə döyünür. Bu gün yola saldığımız uşaqlar illər öncə baxçamızın qapısını açanda söz deməyə belə çəkinsələr də, indi onlar sərbəst danışır, rəqs edir, şeir söyləyir, mahnı oxuyur və digər bədii fəaliyyətlə məşğul olurlar. Ayrılıq həmişə kədər doğurur. Amma həm də sevinirik ki, bu gül balalar sabah əllərinə çanta alıb məktəbə gedəcək, pillə-pillə təhsildə irəliləyəcək, gələcəyin layiqli elm, incəsənət adamları olacaq, vətənə xeyir verəcəklər.
Tədbirdə çıxış edən Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasının müdiri Samirə Məmmədova uşaqları təbrik edərək onlara gələcək məktəb həyatlarında uğurlar dilədi.
Sonra uşaqların ifasında müsiqili-əyləncəli tədbir başladı. Müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar, xorun ifası tədbir iştiraksılarının alqışları ilə qarşılandı.
Tədbirin sonunda balaca fidanlara fotolarından ibarət albom və hədiyyələr təqdim edildi.
Məlumat üçün bildirək ki, Xırdalan şəhər 23 saylı Uşaq bağçası və Körpələr evi 1979-cu ildən fəaliyyət göstərir.
Şamo Əliyev