Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın çoxmənzilli yaşayış binalarının zirzəmilərində mövcud su və kanalizasiya sistemlərinin istismar vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə Abşeron Sukanal İdarəsi və Mənzil Kommunal Təsərrüfat Birliyi Xırdalan şəhərində çoxmənzilli yaşayış binalarının zirzəmilərinin monitorinqini aparıblar. Yoxlamalar zamanı aşağı kommunikasiya xətlərinin təmirinə, təmir-bərpa işlərinə ehtiyac yaranmış binaların zirzəmilərdən su nümunələri götürülərək suyun mənşəyi və axıntıların səbəbləri araşdırılıb. Məlum olmuşdur ki, zirzəmilərə suyun bir hissəsi binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlıdır. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olub.
Çoxmənzilli yaşayış binalarının zirzəmilərində mövcud su və kanalizasiya sistemlərinin istismar vəziyyətinin yaxşılaşdırılması üçün ilkin mərhələdə Xırdalan şəhəri ilə yanaşı Ceyranbatan qəsəbəsində də binaların alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılacaq ki , görülən işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınacaq, su itkiləri minimuma endiriləcək. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına da səbəb olacaq.
Şamo Əliyev