Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ABŞERON inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur

Tarix:13-10-2014, 05:33

ABŞERON inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur


Yerləşdiyi bölgənin lideri statusunu layiqincə daşıyan Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmək istiqamətində qarşısına qoyduğu hədəfə doğru inamla irəliləyir, hər ötən dövrü bütün sahələrdə uğurlarla başa vurur. Bu baxımdan 2014-cü ilin geridə qoyduğumuz dövrü də respublikamız üçün əlamətdardır.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasında bu barədə geniş müzakirələr aparıldı, ölkə başçısı vəziyyəti geniş təhlil edərək qarşıda duran vəzifələri müəyyənləşdirdi. Qeyd olundu ki, 2014-cü ilin ötən 9 ayında ölkədə ümumi makroiqtisadi sabitlik qorunub, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilib, xüsusən qeyri-neft sektorunda yüksəliş qeydə alınıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
Respublikamızda həyata keçirilən inkişaf kursu ötən 9 ayda Abşeron rayonunda bütün sahələrin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Oktyabrın 11-də Xırdalan şəhərində yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sədrliyi ilə keçirilən hesabat yığıncağında bu barədə ətraflı məlumat verildi. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini yad etdilər.
Yığıncağı giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, 2014-cü ilin ötən dövrü ərzində rayonda qarşıya qoyulmuş bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib və cari ilin 9 ayı Abşeron rayonu üçün uğurlu və yaddaqalan olub. Xüsusilə oktyabrın 3-də Prezident İlham Əliyevin Abşerona səfəri rayonun və hər bir abşeronlunun həyatında silinməz izlər buraxıb.
Qeyd edək ki, Abşeronda son illərdə əldə olunan ən böyük nailiyyətlərdən biri iri sənaye müəssisələrinin yaradılmasıdır. Elə buna görədir ki, bu ilin ötən dövründə rayonda sənaye məhsulunun ümumi həcmi 87 milyon 845 min manata çatıb, iqtisadi və sosial sahələrin inkişafı üçün isə maliyyə mənbələrindən əsas kapitala 247 milyon manat investisiya yönəldilib. Rayonun tikinti təşkilatları öz hesablarına 203,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox tikinti işləri aparılıb.
İl ərzində rayon ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin Masazır-Saray-Novxanı və Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yollarının tikintisinə vəsait ayrılması haqqında sərəncamı rayon ərazisində yol infrastrukturunun inkişafında mühüm əhəmiyyət kəsb edib. Belə ki, ötən dövr ərzində Masazır-Saray-Novxanı avtomobil yolu tikilərək istismara verilib, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunda isə iş davam etdirilir. Bununla yanaşı, küçələrin və yol kənarlarının abadlaşdırılmasına da xüsusi diqqət yetirilib.
Respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da abadlıq və quruculuq işləri geniş vüsət alıb. Cari ilin 9 ayı ərzində Baıkı-Quba və Bakı-Şamaxı avtomagistrallarının rayon ərazisinə düşən hissəsinin kənarlarında abadlaşdırma işləri həyata keçirilib. Magistral yolların yaşayış məntəqələrindən keçən hissəsində 7 min metr uzunluqda hasar çəkilərək aqlay daşla üzlənib.
Ötən dövr ərzində ümumtəhsil müəssisələrin, uşaq bağçası-körpələr evlərinin tikintisi rayon rəhbərliyi tərəfindən daima diqqət mərkəzində saxlanılıb. "Abşeron gənclər şəhərciyi"ndə və Mehdiabadda orta məktəb binalarının, Xırdalan şəhər 1 və 4 saylı məktəblərin əlavə korpuslarının tikintisi başa çatdırılıb, Ceyranbatandakı 1 saylı orta məktəb əsaslı təmir olunub, həmçinin "Abşeron gənclər şəhərciyi"ndə 6 qrupluq uşaq bağçası istifadəyə verilib. Cari ildə rayonun daxili imkanları hesabına Xırdalan şəhərində, Fatmayı, Novxanı, Görədil, Pirəküşkül, Ceyranbatan, Saray və Mehdiabadda uşaq bağçalarının tikintisinə başlanılıb. Məhəmmədli və Masazır kəndlərində tikilən 6 qrupluq uşaq bağçalarında isə son tamamlama işləri aparılır. Bütün bunlardan başqa, dövlət vəsaiti hesabına Xırdalan şəhərində, Aşağı Güzdək qəsəbəsində, Hökməlinin "Nübar" yaşayış massivində, Masazır və Novxanıda uşaq bağçalarının tikintisinin sənədləşdirmə işi aparılır. Ümumilikdə qısa zaman ərzində 20-dən çox uşaq bağçasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq rayon əhalisinin uşaq bağçasına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayacaqdır. Xırdalan şəhərində rayon Mərkəzi xəstəxanasının və olimpiya idman kompleksinin tikintisi də sürətlə həyata keçirilir.
Oktyabrın 3-də Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri zamanı istifadəyə verilən obyektlər rayonun inkişaf yolunda olmasının əyani təsdiqi idi. Prezident İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin, şahmat və musiqi məktəblərinin, Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib, həmçinin Xırdalan şəhərindəki Bayraq meydanında, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür. Bu cür mərkəzlərdən biri də Abşeron rayonunda inşa olunub. Orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir.
Ulu öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb. Belə ki, mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gənclərin dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə ümummilli liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Həmçinin 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Yaradılan bu şərait gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır. Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur.
Son illərdə Abşeron rayonunda həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Bu da ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla bölgələrimizin daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiqləyir ki, şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanlarının isə yenidən qurulması diqqətdən kənarda qalmır. Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkında yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub.
Ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb. Burada aparılan yenidənqurma işləri ölkədə əhalinin istirahətinin yüksək səviyyədə təşkil olunmasının davamlı və kompleks xarakter daşıdığını təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərindəki Bayraq meydanında da olub. Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Burada müxtəlif videogörüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev bu məsələdə hər zaman həssas münasibətilə seçilib. Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə də Bayraq meydanları salınıb. Abşeron rayonundakı Bayraq meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Ölkəmizin regionlarında da əhalinin istirahətinin təşkili istiqamətində mühüm layihələr həyata keçirilir. Xırdalanda yaradılan yeni "Park Abşeron" əyləncə mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə şəhərin simasına xüsusi yaraşıq verir. İndi Xırdalan şəhərinin mənzərəsinin maraqlı elementinə çevrilən bu modern əyləncə mərkəzində yaradılan şəraitdən məqsəd ilk növbədə insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq yaşatmaqdır. Beləliklə, Xırdalan şəhərində daha bir maraqlı ticarət və istirahət məkanı bundan sonra sakinlərin istifadəsində olacaq. 1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.
Son illərdə paytaxtla yanaşı, bölgələrdə yaradılan mədəniyyət ocaqları, o cümlədən Xırdalan şəhərində inşa olunan musiqi məktəbi bu sırada xüsusi yer tutur. Yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqları olan məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz edilib. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var. Bir sözlə, son illərdə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı işlərin tərkib hissəsi olan bu musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaq.
Xırdalanda tikilən sosial təyinatlı obyektlərdən biri də şahmat məktəbidir. Bu məktəbdə də yüksək şərait yaradılıb, balacaların şahmatın sirlərinə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Bütün bunlar Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib. Yaradılan şərait şahmatçılarımızın beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazanmasına, yüksək nəticələr əldə etməsinə imkan verib. Şübhəsiz ki, bu məsələdə Xırdalanda inşa olunan şahmat məktəbinin öz yeri olacaq. Çünki məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə yaradılıb. Burada məşq və digər əlavə otaqlardakı kompüterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur.
Bu gün idmançılarımızın beynəlxalq yarışlarda fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin Azərbaycan idmanına verdiyi töhfələrin təməl prinsipini təşkil edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadion bu deyilənlərin əyani təsdiqidir. Stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq testi otaqları var. Bütün bunlar bir daha təsdiqləyir ki, nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən olimpiya idman kompleksləri və digər idman qurğularının inşası həm də bölgələrdə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır.
Prezident İlham Əliyev Xırdalanda Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: "Mən əvvəllər də burada olmağımı xatırlayıram və görürəm ki, Abşeron rayonunda, Xırdalan şəhərində çoxlu işlər görülüb. Xırdalana şəhər statusu veriləndən sonra burada inkişaf daha da sürətli olmuşdur. İndi Xırdalan gözəl, abad şəhərdir və burada binalar tikilir, bərpa edilir, eyni zamanda, yollar salınır, sosial obyektlər inşa olunur, artıq Bayraq meydanı yaradılıbdır. Bir sözlə, son illərdə Xırdalanın inkişafı çox sürətli olmuşdur və rayonda çox böyük işlər görülmüşdür. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bir daha demək istəyirəm ki, bütün bunlar məni çox sevindirir".
Abşeron həm iqtisadi potensialı, həm də ərazi baxımından aparıcı rayonlardan biri olduğundan, həm də coğrafi baxımdan paytaxta yaxın olduğu üçün hər zaman diqqət mərkəzindədir. Mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlardan, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən başlıca məqamlardır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması və sosial-iqtisadi nailiyyətləri daha da artırmaq üçün rayonun bütün kollektivləri bundan sonra da səylərini artıracaq və üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəklər.

Baş redaktor: Şamo Əliyev

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir