
Abşeron rayonunun Mehdiabad qəsəbəsində çirkab suların axıdılması üçün kanalizasiya xətti çəkilir. Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu ilin əvvəllərində adıçəkilən qəsəbənin Qara Qarayev küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olan zaman sakinlərlə görüşmüş, qəsəbənin problemləri ilə maraqlanmışdır. Görüş zamanı bir neçə sakin qəsəbənin 6 küçəsinin kanalizasiya xəttinin olmamasını vurğulayaraq çirkab suların açıq şəkildə axıdıldığını qeyd etmişlər. Bununla əlaqədar olaraq əraziya baxış keçirilən zaman çirkab sularının antisanitariya şəraiti yaratdığı və nəticədə ətrafa kəskin qoxunun yayıldığı məlum olmuşdur. Bundan sonra Abşeron rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlar qarşısında qaldırılan məsələ artıq öz həllini tapmışdır. Belə ki, “Azərsu” Açıq Səhimdar Cəmiyyətinin Su Tikinti Müəssisəsi tərəfindən Mehdiabad qəsəbəsində çirkab suların axıdılması üçün kanalizasiya xəttinin inşasına başlanılmışdır. 600 metr uzunluğunda olacaq kanalizasiya xəttləri diametri 400 millimetr olan borularla çəkilir. Mehdiabad qəsəbəsi ilə Binəqədi xəttini birləşdirəcək bu borular vasitəsilə çirkab suların açıq şəkildə axıdılmasının qarşısı alınacaq və antisanitar vəziyyət tamamilə aradan qaldırılacaq. İşlərin təxminən 2 ay müddətində başa çatdırlması nəzərdə tutulub. Qeyd edək ki, kanalizasiya xəttinin tikintisi başa çatdıqdan sonra ev birləşmələri veriləcək.