Artıq bir ildən çoxdur ki, torpaqlarımız işğaldan azad edilib. Azərbaycan vətən müharibəsində, haqq savaşında qalib gəldi. Qalib, müzəffər ölkə kimi dünyanın bütün mətbuat orqanları Azərbaycan haqqında yazdı. Respublikamızın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müharibədən əvvəl, müharibə gedən zaman və müharibə qalibiyyətlə başa çatdıqdan sonra müzəffər ölkənin müzəffər Prezidenti kimi bir sıra müsahibələr verdi. Azərbaycan haqqında, onun işğal olunmuş tarixi torpaqları haqqında xarici jurnalistlərə dolğun məlumatlar çatdırdı. Ölkəmizin haqlı savaşını bütün dünyaya bəyan etdi.
Azərbaycan mediyası da bu dövrdə cəbhə bölgələrində olaraq, xalqımızın igid oğullarının düşmənlə üz-üzə vuruşub igidlik, qəhrəmanlıq göstərdiklərini xalqa çatdırırdı.
Bu tarixi qələbəmizdən çox az bir müddən sonra cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırıq verilmişdi.
Mediya haqqında qanun son dəfə 22 il əvvəl 1999-cu ildə qəbul olunmuşdu və bu günə kimi 79 dəfə dəyişdirilmişdir. İndiyədək edilən bu qədər dəyişiklərə baxmayaraq mətbuat haqqında qanun artıq müasir çağırışlarla uzlaşmır.
Qəbul ediləcək “Mediya haqqında” qanun Azərbaycan mediasının daha da inkişaf etməsi üçün geniş imkanlar yaradacaq. Və bu qanun ölkə jurnalistikasında yeni bir mərhələ olacaq. Yeni qanun layihəsi mediya və mediya işçiləri üçün yeni imkanlar yaradacaq. Onların səmərəli fəaliyyətinə təkan verəcək.
Qanun sosial şəbəkələrin fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan televiziyalar öz fəaiyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.
Yeni qəbul ediləcək qanun jurnalistikaya və eyni zamanda jurnalistlərə qarşı formalaşan neqativ təsəvvürləri aradan qaldıracaq. Media haqqında qanun xalqla, içtimaiyyətlə media arasında inamın, etimadın gücləndirilməsini təmin edəcək.
İndiyə qədər çap mediası, qəzet, jurnal və s. fəaliyyətə başlamazdan əvvəl qeydiyyatdan keçib. Hazırda isə bu prosedur onlayn mediasına da tətbiq olunur ki, bu məlumatlar sistemləşdirilmiş Media Reyestrinə daxil olsun. Media Reyestrinin məqsədi isə bu mətbu orqanlarının sayını müəyyənləşdirmək və həmin qurumların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu Reyestr eyni zamanda onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır.
Media sahəsində çalışan jurnalistlərə eyni zamanda Medianın İnkişafı Agentliyi tərəfindən xüsusi vəsiqə verilməsi nəzərdə tutulur. Lakin bu könüllülük xarakteri daşıyır. Belə ki, həmin mətbu orqanları öz işçilərinə özlərinin mətbu orqanlarının vəsiqəsini də verə bilərlər.
Media Haqqında qanun jurnalistlərin fəaliyyətinin daha da səmərələşdirilməsinə, onların hüquqlarının qorunmasına və heç bir əsası olmadan özünü jurnalist adlandıran, özlərini jurnalist kimi təqdim edən və jurnalistikadan heç bir anlayışı olmayan insanların qarşının alınmasına xidmət edir.
Şəhla Ağbulud