Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü il tarixdə “Sülh naminə tərfdaşlıq” proqramının Çərçivə sənədinin imzalanması ilə qoyulmuşdur.
Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsasən də müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir.
Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşıdır və artıq bunu sübuta yetirib. Azərbaycan 2002-ci ildə Əfqanistanda sülhməramlı missiyasına başlayıb. Bu missiyanı 18 il davam etdirib və Əfqanistanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”.
Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 30 il işğal altında qalan ərazilərimiz erməni vandalları tərəfindən talandı, darmadağın edildi.
28 il il ərzində ATƏT-in Minsk Qrupunun qəbul etdiyi bəyanatlar kağız üzərində qaldı. Ermənistan tərəfi bu bəyanatlara əhəmiyyət belə verməyərək işğal etdikləri Azərbaycan torpaqlarını talayıb satmağa davam etdi.
Bu illər ərzində Azərbaycana qarşı haqsızlıq hökm sürürdü. İşğalçı ölkə ilə işğal olunmuş ölkə eyni tutulurdu.
Lakin artıq Azərbaycan öz hüquqlarını qorumağa, özü öz torpaqlarını daxili gücü, siyasəti ilə işğaldan azad etməyə qadir olduğunu bütün dünyaya göstərdi. Kimin haqlı, kimin haqsız olduğunu bütün dünyaya bəyan etdi.
Bu gün artıq bu işğala son qoyuldu. 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımız işğalçılardan təmizləndi. Lakin düşmən geri çəkilsə də, öz düşmənçiliyindən geri çəkilmədi. Ərazilərimizdən çıxarkən evləri, meşələri yandırdı, ekologiyaya ciddi ziyan vurdu, maddi və mənəvi abidələrimizi darmadağın etdi, ən dəhşətlisi isə odur ki, gedərkən ərazilərimizə külli miqdarda minalar basdırdılar. 200 nəfərdən artıq mülki əhali bu minalara düşərək həyatını itirmiş və yaxud ömürlük şikəst qalmışdı. Bunun nəticəsidir ki, öz tarixi torpaqlarından didərgin düşmüş, yurd həsrəti ilə çırpınan soydaşlarımız ərazilər minalardan təmizlənməmiş öz yurd yuvalarına qayıda bilmirlər. Erməni cinayətkarları isə basdırdıqları minaların xəritəsini hələ də Azərbaycana vermək fikrində deyillər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev: “Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir.
Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsi ilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla Ermənistan həm İran, həm də Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir”.
Prezident eyni zamanda qeyd edib ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.
Şəhla Ağbulud