Aprelin 3-də Novxanı kənd 1 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
Oyun Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.
“Şahin” respublika hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
Yarış dövlət himninin oxunması, bayrağın gətirilməsi və salamlaşma ilə başlayıb. Sıra təlimi mərhələsində komandalar hazırlıq səviyyələrini nümayiş etdiriblər. Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu komandalar sonra maneələrin dəf olunması, turnikdə dartınma, mülki müdafiə hazırlığı, yaralıya ilk tibbi yardımın göstərilməsi, çadırın qurulması və digər yarışlarda qüvvələrini sınayıblar.