14-15 iyun tarixlərində Abşeron Olimpiya Kompleksində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş " Açıq Bakı Turniri" və " Batizado (kəmər alma)" tədbiri keçirilib.
Azərbaycan Kapoeyra Federasiyası, GİBİ və Brazilyanın ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz, Səudiyyə Ərəbistan Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin, Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna, Ümumdünya Kapoeyra Federasiyasının Prezidenti cənab Sales Nato, GCB Barcelona qrupunun rəhbəri Prof Colgate , GCB İzmir qrupunun rəhbəri Hakan.K və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlçə tədbirdə iştirak edən səfirlərlə görüşən Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov Abşeron rayonu haqqında qonaqlara geniş məlumat verib. Rayonun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsinin olduğunu və burada 500 mindən çox əhalinin yaşadığını qeyd edən başçının müavini Abşeronun əvvəlcə kənd təsərrüfatı rayonu kimi yaradıldığını, hazırda isə həm kənd təsərrüfatı, həm də sənayə rayonu kimi inkişaf etdiyini bildirib. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verən F.Cəbrayılov rayon ərazisində fərliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.
Turnirin açılış mərasimində çıxış edənlər tədbir iştirakçılarını Azərbaycanın Milli Qurtuluş Günü münasibəti ilə təbrik ediblər.
Açılış mərasimindən sonra 100-ə yaxın kapoeyraçı arasında müxtəlif yaş kateqoriyaları üzrə yarışlar başlayıb.
Turnirdən sonra Kəmər alma mərasimində idmançılar yeni kəmər alıb və Federasiyanın məşqçilər heyəti Ustad tərəfindən növbəti yüksək dərəcələrə imtahan veriblər.