Hazırda əksər vətəndaşlarımız yaşından, cinsindən, işindən asılı olmayaraq mobil telefondan istifadə edirlər. Artıq bir neçə ildir ki, mobil telefonlar həyatımızın ayrılmaz parçasına çevrilib. Bu da səbəbsiz deyil. Çünki mobil telefonların böyük bir qismi internetə çıxışımızı təmin edir, yaxınlarımızla əlaqə saxlamamızı asanlaşdırır. Bundan başqa mobil telefonumuz vasitəsilə sevdiyimiz musiqini dinləyə, dostlarımızla şəkil çəkə, müəyyə hadisələrin video görüntüsünü qeyd edə bilirik və s. Mobil cihazların həyatımıza bu qədər daxil olması müəyyən şirkətlərin də işinə yarayır. Misal üçün, sms-lər şirkətlərin reklam işini sürətli və səmərəli təşkil etmək üçün ən yaxşı vasitələrdən biridir. Buna görə də, son vaxtlar mobil telefon istifadəçilərinə müxtəlif məzmunlu reklam sms-ləri göndərilir.
Bu sms-lərin əksəriyyəti də lotereya xarakterlidir. Gördüyümüz qədəri ilə yuxarı yaş qrupuna daxil olan insanlar bunun mahiyyətinin nə olduğunu bildikləri üçün əksər hallarda belə sms-lərə reaksiya vermirlər. Amma bununla iş bitmir. Bəzən eyni sms mobil telefon istifadəçisinin istəyindən asılı olmayaraq gün ərzində bir neçə dəfə göndərilir. Bu tip sms-lərin təkrar göndərilməsi özüm də daxil olmaqla tanıdığım insanların hamısını, demək olar ki, təngə gətirib. Belə sms-lərdən birini olduğu kimi sizə təqdim edirik: “Keşlədən 3 uşaq atasına 4 sms-ə Toyata getirdi! 27...-a bu gün sms göndər! Qismətin qapına gəlsin! 5 qep. T: 01...”. Yəqin ki, təxmini bu tip sms-lərlə mobil telefon istifadəçilərinin, demək olar ki, hamısı tanışdır.
Elməddin Əmirov