Bakı Metropolitendən verilən xəbərə görə, iki il ərzində bu sahə üçün ən optimal layihə seçilərək təsdiqlənib. Tezliklə layihə üzrə ilkin hazırlıq işlərinə başlanılacaq. Xətlər ayrılacaqsa, ən vacib məsələlərdən biri də “Xətai” stansiyasından sonrakı inşaat mərhələsinin tamamlanmasıdır.
Məlumdur ki, beş illik dövlət proqramına əsasən, “Həzi Aslanov-2” stansiyasından Köhnə və Yeni Günəşli yaşayış sahələrinə də metro xəttinin çəkiləcək və hazırda adı çəkilən birinci stansiya ilə yanaşı, tunellərin qazılması davam edir. Lakin bu sahə “Yaşıl” xəttin bir hissəsidir.
Mövcud şəraitdə burada məkik hərəkət təşkil edilməlidir. Lakin bu problemin aradan qaldırılması üçün “Həzi Aslanov-2”dən “Xətai”yə qədər olan sahənin və daha 3 stansiyanın inşası vacibdir. Bu məsələ ilə bağlı həlledici qərarlar da ötən il verilib.
İndi Nobel prospektində Neftayırma Zavodunun ərazisində inşaat işlərinə başlanılıb və cari il burada qazma maşınları hərəkətə gətiriləcək. İnşaat hər iki istiqamətdə aparılacaq. Bunun ardınca, “Lunapark”ın yaxınlığında, həmçinin Bakı Avtomobil Zavodunun ərazisindəki stansiyaların inşaası da başlayacaq. Bu layihələr tamamlandıqdan sonra metropolitendə hərəkətin təşkilində ən optimal qərarlar verilmiş olacaq.
Sərnişinlərin istər “28 May-Cəfər Cabbarlı”, istərsə də “Həzi Aslanov-Həzi Aslanov-2” keçid stansiyalarına yönləndirilməsi ilə mövcud sərnişindaşıma problemləri aradan qalxacaq. Bu, həmçinin paytaxtın əhalisi sıx olan, Köhnə və Yeni Günəşli, Təzə və Köhnə Əhmədli, Zığ, Hövsan, Qaraçuxur kimi yaşayış sahələrinin əhalisinin də şəhərə axınının tam fərqli prizmadan qurulmasını təmin edəcək.