Abşeron rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulan Abşeron rayonunun gənc könüllüləri və Rayon Gənclər və İdman İdarəsinin fəal gəncləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirir, onlara koronavirus pandemiyasına qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayırlar.
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış mobil qruplar, gənclər və könüllülər tərəfindən Xırdalan şəhərində, eləcədə rayonun kənd və qəsəbələrində əhali arasında profilaktik-maarifləndirici söhbətlər aparılır, onlara yazılı təbliğat materialları və maskalar təqdim edilir. Sakinlərlə maarifləndirici söhbətlər zamanı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ictimai nəzarəti gücləndirmək, toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, məsafəni saxlamaq, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur.
İyulun 1-də Xırdalan şəhərində keçirilən növbəti aksiya zamanı gənclər, könüllülər və şəhər bələdiyəsinin mobil qrupları koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində “Burada qaydalara əməl olunur”, “Nümunəvi obyekt”, “Aralı əyləşin, sağlam olun”, “Məsafə saxla”, “Bir-birimizi qoruyaq”, “Sağlamlıq məsafəsi saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, ticarət və iaşə obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırıblar.