Abşeron xəbər Trend-ə istinadən xəbər verir ki, dekabrın 18-də Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin növbəti - 8-ci sessiyası öz işinə başlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyanın əvvəlində Komitənin Bürosuna yeni üzvlər seçilib. Büroya Komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, Kamboca və Mali, məruzəçi qismində isə Salvador seçiliblər.
Azərbaycan davamlı olaraq artıq iki il Büroya üzv seçilir ki, bu da ölkəmizin Komitədə fəallığından və nüfuzundan xəbər verir. Ölkəmizin yenidən Büroya üzv seçilməsi Komitənin 2014-cü ildə keçiriləcək gələcək sessiyasının gündəliyinin müəyyən edilməsi, milli maraqlarımızın Komitənin sənədlərində nəzərə alınması və ən önəmlisi, ölkəmizin təşəbbüs etdiyi işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı məsələnin davamlı olaraq Komitədə müzakirə edilməsinə imkan yaradacaq.