Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı Aşağı Güzdək qəsəbəsində böyük coşqu və təntənə ilə keçirildi. Yazın gəlişi və bahar bayramı münasibəti ilə martın 19-da təşkil olunan bayram şənliyində Rayon İcra Hakimiyyətinin, qəsəbə icra nümayəndəliyinin və bələdiyyənin məsul əməkdaşları, eləcə də Aşağı Güzdək qəsəbə ictimaiyyəti iştirak etdi.
Bayram əhval-ruhiyyəsində bəzədilən şənlikdə həmçinin, xalqımızın “Novruz” bayramı ilə bağlı adət-ənənələri, qədim məişət əşyaları, milli kulinariyamızdan şirniyyatlar , xonçalar , dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirildi.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşı Elgün İsgəndərov ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, qədim el bayramı olan Novruz yeni ilin, ilk baharın, sevginin, sülhün, qardaşlığın və dostluğun bayramıdır.
Daha sonra çıxış edənlər xalqımızın çoxəsrlik tarixi ənənələrini özündə birləşdirən Novruz bayramı münasibətilə iştirakçıları təbrik etdilər, onlara cansağlığı, xoşbəxtlik və süfrələrinə bol ruzi, bərəkət arzuladılar.
Bayram şənliyində şagirdlərin ifasında bayram şeirləri və novruzun atributları olan kosa və keçəlin əyləncəli çıxışları, rəngarəng mahnı və rəqsləri tədbir iştirakçıları tərəfindən rəğbətilə qarşılandı.
Aşağı Güzdək qəsəbə icra nümayəndəliyi və bələdiyyəsi tərəfindən təşkil olunan bayram şənliyi incəsənət ustalarının və Rayon Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivinin təqdim etdikləri geniş bayram konserti ilə davam etdi.
Şamo Əliyev