Məmmədli kənd 10 saylı uşaq bağçasında xalqımızın ən qədim və milli bayramlarından olan, gəlişi ilə insanlara bahar təravəti və xoş ovqat bəxş edən Novruz bayramı münasıbəti ilə tədbir keçirilib.
Tədbiri bağçanın müdiri Vəfa Rəsulova giriş sözü ilə açaraq uşaqları, valideynləri, gələn qonaqları və bağçanın kollektivini bayram münasibətilə təbrik edib, onlara uzun ömür, möhkəm can sağlığı, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu illər arzulayıb.
Sonra balaca fidanlar vətənə, torpağa, baharın gəlişinə aid şeirləri bədii qiraət edib, bahar təravətli və vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.
Bayram şənliyinə təşrif buyuran Kosa və Keçəl bir-birindən maraqlı, məzəli və ibrətamiz oyunları ilə uşaqlara və bütün tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş edib.