Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynovun Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru general-mayor Məhəmməd Əhməd Əl-Mərri ilə görüşündə aparılıb.
Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirən baş konsul bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, hər iki ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Azərbaycan-BƏƏ münasibətlərinin inkişaf etdiyini bildirib. Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin BƏƏ-yə səfərini xatırladan diplomat bu səfərin miqrasiya sahəsində münasibətlərin inkişafına təkan verdiyini qeyd edib, həmçinin münasib bir vaxtda Məhəmməd Əhməd Əl-Mərrini ölkəmizə səfərə dəvət edib.
Məhəmməd Əhməd Əl-Mərri fürsət yaranan kimi mütləq Azərbaycana səfər edəcəyini bildirib. O, ikitərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu bildirərək, bunun ölkə başçılarının siyasi iradəsinin nəticəsi olduğunu qeyd edib.
Sonra baş konsul Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin tabeliyindəki idarələrin ofisləri və iş prinsipləri ilə tanış edib.