Ailə dövlətin əsası və özülüdür. O, möhkəm olmalıdır ki, üzərində qurulan, formalaşan cəmiyyət də möhkəm, insanların rifahı yüksək olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən nikah yaşı 18 yaş müəyyən edilib. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmçinin Ailə Məcəlləsinin 12-ci maddəsində nikah bağlanmasına mane olan hallar sadalanmışdır. Belə ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
Elm və texnikanın yüksək sürətlə inkişaf etdiyi bir dövrdə yaşadığımıza baxmayaraq, hələ də erkən yaşda və qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür. Erkən nikah dedikdə yaşı 18-dən az olan şəxslərin nikaha daxil olmasıdır. Artan xəstəliklər, kimsəsiz uşaqlar, məişət zorakılıqları əksər hallarda bu problemin fəsadları kimi dəyərləndirilə bilər. Erkən nikahların qarşısını almaq üçün, onu yaradan səbəblərin müəyyən edilib aradan qaldırılması uğrunda mübarizə aparmaq daha məqsədəuyğun olardı. Cəmiyyət olaraq bununla mübarizə aparmaq hamımızın öhdəsinə düşür. Baxmayaraq bu sahədə marifləndirici tədbirlər daha geniş tətbiq olunur, yenə də bu problemə rast gəlmək mümkündür.
Erkən nikahlar özündə tarixi ənənə və mentalitetin yalnış stereotiplərini daşımaqdadır. Bəzən isə valideynlər qızlarını cinsi təcavüz və zorakılıqdan qorumaq düşüncəsi ilə onları erkən yaşda nikaha məcbur edirlər.Lakin araşdırmalar zamanı məlum olmuşdur ki, 18 yaşdan aşağı olan qızlar yetkin yaşda ailə quran qızlara nisbətən daha çox şiddət qurbanı olurlar.
Bəzi hallarda isə əsas səbəblərdən biri kimi ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq göstərilir. Belə vəziyyətdə çox vaxt nikahlar valideynlər tərəfindən təşkil edilir. Bu halda qızların prespektivləri və seçimləri məhdud olur.
Qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmadıqları üçün rəsmi nikaha daxil ola bilməyən yetkinlik yaşına çatmayan qızlar dini kəbinlə ərə verilir. Fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır.
Erkən nikahların yaratdığı ən böyük fəsad yeniyetmələrin təhsildən uzaqlaşması, təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olmaqdır. Erkən yaşda ailə quran qızlar adətən cəmiyyətdən kənarlaşır, məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur, peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı imkanlardan məhrum edilir. Qızların təhsildən yayınması millətin intellektinə zərbə vuran amillərdən hesab olunmalıdır. Çünki belə ailələrin övladları təhsilə maraqlı olmur, analar uşaqlarına təhsildə yardım edə bilmir. Nəticədə təkcə müəllimlərin ümidinə qalan oğlan uşaqları da təhsildən geri qalır. Gənclərin savad və intellekt səviyyəsinin yüksək olması ailələrin möhkəmliyi, cəmiyyətin rifahı, iqtisadiyyatın və elmin inkişafı, dövlətin möhkəmliyi və onun regional və beynəlxalq məkanda yeri ilə birbaşa bağlı olan son dərəcə fundamental mühüm bir məsələdir. Qızların təhsili ilə bağlı Hacı Zeynalabdin Tağıyevin bir sözünü xatırlatmaq istəyirəm - “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Şərqdə ilk müsəlman qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev inanırdı ki, təhsilli qız, təhsilli ana olacaq və övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək.
Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır.
Ceyran Cabbarova
Abşeron rayon qeydiyyat şöbəsinin rəisi v.i.e.