Xəbər lentİ

Azərbaycanda ilk dəfə şəkərli diabet xəstələrinə özünənəzarət vasitələri paylanıb

18:16, 21.11.13
Oxunub: 1 768
SƏHİYYƏ
Azərbaycanda ilk dəfə şəkərli diabet xəstələrinə özünənəzarət vasitələri paylanıb

Bu gün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunda Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin (REM) təşkilatçılığı ilə 14 noyabr - Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Həkimləri Təkmilləşdirilmə İnstitutunun direktoru Niyazi Qasımov bildirib ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir.

REM-in direktoru Rauf Cabbarov isə deyib ki, 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə əsasən 14 noyabr tarixi Ümumdünya Diabet Günü kimi qeyd edilir.

Onun sözlərinə görə, 2013-cü ilin kampaniyası “DİABET: Gələcəyimizi qoruyaq!” şüarı altında keçirilir: “Hazırda dünyada 400 milyona yaxın insanda şəkərli diabet diaqnozu qeydə alınır. Güman olunur ki, xəstələrin 50%-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə 200 minə yaxındır”.

Dövlətin şəkərli diabet xəstəliyindən əziyyət çəkən vətəndaşlarına xüsusi diqqət ayırdığını deyən Rauf Cabbarov qeyd edib ki, “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” çərçivəsində respublikada ilk dəfə bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb.

Tədbir xəstəlikdən əziyyət çəkən 13-15 yaşlı uşaqlara hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Fikirlər

 Oxşar xəbərlər: