Xəbər lentİ

“Ginekologiya və perinatologiya elminin müasir problemləri”

18:19, 21.11.13
Oxunub: 1 484
SƏHİYYƏ
“Ginekologiya və perinatologiya elminin müasir problemləri”

Bu gün Bakıda “Ginekologiya və perinatologiya elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. SİA xəbər verir ki, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycandan əlavə, Almaniya, İzrail, Rusiya və Gürcüstandan alim və mütəxəssislər iştirak edib.

Tədbirdə çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da ana və uşaq sağlamlığının müdafiəsinin inkişaf etdirilməsinin dövlətin qarşısında duran ən önəmli məsələlərdən biri olduğunu deyib. O bildirib ki, erkən yaşda qızların ailə qurması, dünyaya sağlam uşaq gətirmə, selektiv abortlar, ana və uşaq sağlamlığı sahəsində olan bəzi məsələlər dövlətin mübarizə apardığı əsas problemlərdəndir: “Bu sahədə cəmiyyətin, xüsusilə qızların və oğlanların maarifləndirilməsinə ehtiyac var. Bir çox hallarda ailələrdə valideynlərin bu məsələlərlə bağlı öz övladlarını məlumatlandırmaması real problemlərdir. Bəzən ana və uşaq sağlamlığının müdafiəsi kimi problemlər cəmiyyətdə insanların hüquqlarını bilməməsindən də qaynaqlanır. Bütün ailələrdə valideynlər öz övladlarını məlumatlandırmalı və onları düzgün qaydada hüquqlarını bildirməlidirlər”

Ana və uşaq sağlamlığının müdafiəsi sahəsində problemlərin olduğunu deyən “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cəmilə Qurbanova qeyd edib ki, bu problemlər cəmiyyətdə öz aktuallığını saxlamaqdadır: "Lakin bu sahə üzrə məlumatlandırma zəyif aparıldığından problemlərin həcmi günü-gündən artır".

Tədbirin davamında yerli və əcnəbi alimlər ginekologiya və perinatologiya sahələrində mövcud olan aktual problemlərdən danışıb, mühüm faktlar göstəriblər. Mütəxəssislər bu problemlərin həlli yollarını müzakirə edib.

Fikirlər

 Oxşar xəbərlər: