
Abşeron rayonunun tibb müəssisələrində artıq üç həftədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı genişmiqyaslı aksiyaya başlanılıb. Abşeron Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə yaradılmış işçi qrupu məsələni gündəlik nəzarətdə saxlayır və rayon ərazisindəki müəssisələrin kollektivləri qrafik əsasında müayinədən keçməsinin təşkilində yaxından iştirak edir.
Abşeron rayon Poliklinkasının həkimi Əminə İsmixanova artıq altı ildir həyata keçirilən kampaniya ilə bağlı fikirlərini Absheronxeber.az-ın əməkdaşı ilə bölüşərək qeyd edib ki, dövlət başçısının bu təşəbbüsü həqiqətən alqışa layiqdir. “Çünki bu, cənab Prezidentimizin xalqımızın, gələcəyimiz olan gənc nəslin fiziki sağlamlığına olan qayğısının parlaq nümunəsidir. Biz artıq vətəndaşlarda sağlamlıq mədəniyyəti ənənələrinin formalaşmasının ilk nümunələrini müşahidə edirik. İndi insanlar başa düşürlər ki, sağlam həyat sürmək üçün vaxtaşırı tibbi müayinədən keçmək lazımdır”.
Ə.İsmixanova aparılan müayinələr haqqında məlumat verərək bildirib ki, Abşeron Rayon Poliklinikasında yüksək səviyyədə əhali poliklinikaya cəlb olunur, müayinələrdən keçirilir, aşkarlanmış xəstəliklərə uyğun müalicə təyin olunur, müvafiq ixtisaslaşdırılmış xəstəxanalara göndərilir. Belə ki, artıq ixtisas həkimləri yerli ambulatoriyalarda müayinələrə başlanmışdır. İlkin olaraq, Məmmədli Həkim Məntəqəsində qastroenteroloqun, Masazır Həkim Məntəqəsində onkoloq və həkim infeksionistin xəstələri müayinə etməsi böyük məmnunluğa səbəb olmuşdur. Ən çox aşkarlanan və müalicəyə cəlb olunan xəstəliklər “Xroniki qastrit, Virus hepatiti B, Xroniki virus hepatit C, Dizbioz, Süd vəzinin xərçəngi, mədənin və onikibarmaq xora xəstəliyi” olmuşdur.