Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair BƏYANATI

Tarix:14-04-2018, 00:22

ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair BƏYANATI


2018-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsində əks etdirilən hüququndan istifadə edib növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmişdir. Mərkəzi Seçki Komissiyası 2018-ci il 6 fevral tarixli Qərarı ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il aprelin 11-nə təyin etmişdir.

Seçkilərin hazırlanıb keçirilməsi qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun və keyfiyyətlə aparılaraq 11 siyasi partiyanın və digər seçki subyektlərinin azad və müstəqil davranışı üçün hər cür imkanlar yaradılmışdır. Mövcud ədalətli mübarizə mühitindən və bərabər imkanlardan heç bir maneə olmadan istifadə edən qeydə alınmış namizədlərin hamısı seçki prosesindən tamamilə razı qaldıqlarını bəyan edərək böyük səs çoxluğu ilə seçilən namizədi təbrik etmişlər.

Vətəndaşların öz konstitusion hüquqlarından tam və maneəsiz istifadə etmələri üçün bütün zəruri addımlar vaxtında və keyfiyyətlə atılaraq, seçicilərin azad və sərbəst seçim imkanları tam təmin edilmişdir. Azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılan 51 xarici KİV-in 118 nümayəndəsi, habelə 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 nəfər xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın geniş müşahidəçi ordusunun mütləq əksəriyyəti ümumilikdə seçkiləri azad, ədalətli və şəffaf kimi qiymətləndirərək seçki prosesində ciddi irəliləyişlərin olduğunu qeyd etmişlər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeni açıq şəkildə bəyan etmişlər. Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkilərin nəticələrinə heç bir təsir etməyən və mənbəyi bəlli olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda cəmi 156 məntəqədə ümumi məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilmişdir. Bununla da, həm yuxarıda qeyd edilən çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirərək, seçkilər keçirilmiş 5641 məntəqənin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilmişdir.

Eyni zamanda, obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və müraciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilir. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir.

Qeyd edilənlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Bu gün də demək olar ki, bütün ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da onların hesabatlarının kifayət qədər əsassız olduğuna dəlalət edir.

Fikrimizcə, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salmaqla yanaşı, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə də missiya rəhbərinin müavini Ştefan Krauzenin qərəzli antiazərbaycan fəaliyyəti, habelə Azərbaycan dövlətinə, hakimiyyətinə və seçkilərdə namizədlərdən biri olmuş fəaliyyətdə olan ölkə Prezidentinə qarşı daimi aşkar mənfi mövqedə olmasına dair mövcud ictimai fikrə sanballı əsaslar yaradır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkidi ilə belə bir şəxsin missiyada məsul vəzifəyə təyin edilməsi onun yaxından iştirakı ilə hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən xəbər vermişdir.

Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkzib edir. Belə ki, hesabatda qeyd edilir ki, “seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuş, seçkiləri effektiv hazırlamışdır”. Eyni zamanda, bunun ardınca deyilir ki, “seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmamasının” şahidi olmuşlar. Hesabatda olan bu cür uyğunsuzluqlar ən azı sual doğurmaya bilməz. Digər bir ziddiyyət: hesabatın əvvəlində qeyd olunur ki, “hakimiyyət orqanları əməkdaşlığa açıq olmuş və beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə sərbəst fəaliyyət göstərə bilmişlər”. Bir qədər sonra isə “Beynəlxalq Seçki Müşahidə Missiyasına və digər müşahidəçilərə müşahidə zamanı məhdudiyyət yaradıldığı (uyğun olaraq 4 və 8 faiz)” iddia edilir. Başqa bir irad isə daha anlamsız görünür – “Vəzifədə olan Prezidentin təşviqat kampaniyası ilə onun rəsmi fəaliyyəti arasında heç bir fərq qoyulmamışdır”. Yaxşı olardı ki, bu fərqin hansı qaydada qoyulması və onun mahiyyətinin nədən ibarət olması izah olunsun. Dünyanın heç bir ölkəsində növbəti dəfə seçkilərdə iştirak edən dövlət başçısı öz fəaliyyətini dayandırmır və dayandıra da bilməz. Bu cür seçkiqabağı mühitə tətbiq edilə bilən yeganə etik norma ondan ibarətdir ki, səlahiyyətlərinin icrasını davam etdirən dövlət başçısı seçiciləri ona səs verməyə çağırışlarından istifadə etməməlidir və Azərbaycanda keçirilən bütün Prezident seçkilərində bu qaydaya riayət olunmuşdur.

Missiyanın “seçki günü beynəlxalq müşahidəçilər şəffaflığın olmaması kimi pozuntu faktları haqqında məlumat vermişlər” iradı ümumilikdə qəbuledilməzdir. Mərkəzi Seçki Komissiyası bildirir ki, Azərbaycanda bütün seçki məntəqələri şəffaf qutularla təmin edilmiş, o cümlədən 1000 seçki məntəqəsində seçkilərin “online” qaydada izlənilməsi üçün veb-kameralar quraşdırılmışdır. Bu isə seçkilərin şəffaflığının təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.

Sözügedən hesabatda vurğulanır ki, “digər namizədlər vəzifədə olan Prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər”. Bu cümlədə “onu tənqid etmək” ifadəsi təəccüb doğurmaya bilməz. Birincisi, heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz. Tənqid namizədin yalnız və yalnız seçkiqabağı platformasına yönəldilə bilər. İkincisi, açıq televiziya efiri məkanında namizədlər arasında aparılan debatlar birmənalı nümayiş etdirir ki, ölkədə yürüdülən həm daxili, həm də xarici siyasət namizədlər tərəfindən öz baxışlarına uyğun olaraq tənqidi təhlil edilmişdir və namizədlərdən biri, ümumiyyətlə, Azərbaycan dövlətinin öz suverenliyindən imtina etməsi çağırışları ilə çıxış etmişdir. Belə bir vəziyyətdə hesabatın “bu seçkilərdə həqiqi rəqabət olmamışdır” ifadəsi başadüşülməzdir və qəbulolunmazdır.

Hesabatda 58 175 yerli müşahidəçinin qeydiyyata alındığı və onlardan 4 041 nəfərin QHT-lər tərəfindən akkreditasiya olunduğu göstərilir. Ardınca iddia olunur ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırır. Əgər vətəndaş cəmiyyətinin əsas təsisatları olan QHT-lər 4 mindən çox müşahidəçi ilə təmsil olunursa, burada hansısa məhdudiyyətdən danışmaq yersizdir. Mərkəzi Seçki Komissiyasında təəccüb doğurur ki, nədənsə, seçkilərin müşahidəsindən bəhs ediləndə, bu sahədə yalnız bir qurumun – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adı çəkilir. Onun qeydə alınmadığı və fəaliyyətinə əngəl yaradıldığı vurğulanır. Lakin Azərbaycanda seçki müşahidəçiliyi sahəsində ixtisaslaşmış digər qurumlar da var və onlar seçki dövründə yerli müşahidəçiliyi həyata keçirmişlər. Misal üçün, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) belə qurumlardan biridir. Eyni zamanda, seçkiqabağı dövrdə və səsvermə günü Azərbaycanın ən böyük QHT platforması olan, tərkibində 600-dən çox vətəndaş cəmiyyəti təsisatını birləşdirən Milli QHT Forumu 590 məntəqədə müşahidə aparmışdır.

Hesabatda iddia olunur ki, ictimai-siyasi həyatda qadınların iştirakını artırmaq üçün tədbirlər görülmür. Halbuki son illər bu istiqamətdə xeyli irəliləyiş baş vermişdir. Seçki komissiyalarında qadınlar kifayət qədər geniş təmsil olunmuşlar. Bundan başqa, məsələn, 87 rayon və şəhər icra hakimiyyətinin 1-də başçı, 75-də (86,2 faiz) isə başçının müavini qadındır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvləri arasında qadınların sayı əvvəlki seçkilərlə müqayisədə 8,9 faiz artaraq 35 faizə, sədrlər arasında isə 12,4 faiz artaraq 30 faizə çatmışdır.

Hesabatda ölkədə tənqidi mətbu orqanların və mediada plüralizmin olmadığı bildirilir. Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu iddia özlüyündə əsassızdır. Çünki ümumən sivil dünyada hər hansı media qurumu qarşısında qoyulan əsas tələb onun mütləq qaydada dövlət institutlarını tənqid etməsi, bəzən də bu tənqidin diffamasiya doğuracaq səviyyəyə çatması deyil, medianın öz siyasi tərəfsizliyini qorumasıdır. Mərkəzi Seçki Komissiyası qeyd edir ki, Azərbaycanda hazırda 500-dən çox gündəlik, həftəlik və aylıq nəşr olunan mətbu orqan, 5 minədək internet informasiya resursu mövcuddur. Onların arasında hakimiyyətin daxili və xarici siyasətini, dövlət başçısını və iqtidar təmsilçilərini sərt tənqid edən media qurumları kifayət qədərdir. Ölkə əhalisinin 80 faizə qədəri internetdən istifadə edir, 3 milyonadək insan sosial şəbəkə istifadəçisidir. Mərkəzi Seçki Komissiyasının apardığı müşahidələrə görə, seçkiqabağı dövrdə və seçki günü həm mediada, həm də xüsusən sosial şəbəkələrdə kifayət qədər tənqidi və bəzi hallarda hətta etikadankənar materiallar yayılmışdır. Sənəddəki “11 televiziya kanalı ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir” iradı missiyanın səlahiyyətlərini aşır. Şirkətlərdən hər biri hüquqi şəxs kimi müvafiq dövlət qurumları tərəfindən qeydə alınmışdır, vergi ödəyicisi olaraq çıxış edir və bütün məlumatlar həmin dövlət qurumlarının açıq mənbələrində yerləşdirilmişdir.

Hesabatda göstərilir ki, “diffamasiyanın həbs ilə cəzalandırılan cinayət əməli olması və prezidentin diffamasiyasına görə əlavə cəzaların mövcudluğu faktı siyasi təşviqat kampaniyası üçün əsas olan ifadə azadlığını daha da məhdudlaşdırır”. Avropa Şurasının 42 üzv dövlətində diffamasiya cinayət hesab edilir və bu dövlətlərdən 39-da bu cinayətə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq, diffamasiya ATƏT üzvü olan ölkələrin böyük əksəriyyəti ilə bağlı seçki hesabatlarında siyasi təşviqat kampaniyasını məhdudlaşdıran hal kimi qiymətləndirilməmişdir. Bu səbəbdən Azərbaycanla bağlı belə qiymətləndirmə aparılması selektiv və ikili yanaşmanın təzahürüdür. O da qeyd edilməlidir ki, uzun illərdir Azərbaycan məhkəmələri təcrübədə diffamasiya ilə əlaqədar azadlıqdan məhrumetmə ilə bağlı cəza tətbiq etmirlər. Təəssüflər olsun ki, müşahidə missiyası bu halı araşdırmadan irad bildirmişdir.

Mərkəzi Seçki Komissiyasında ən çox təəssüf hissi doğuran məqam odur ki, xarici müşahidəçilərin təqribən 40 faizini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının 360 müşahidəçisi (onlardan 270-i ATƏT DTİHB-nin müşahidəçiləri olmaqla) bu seçkilərdə ənənəvi olaraq yeganə təkzibolunmaz və son hakim funksiyasını təkbaşına mənimsəmişdir. Sözügedən müşahidə missiyasının hesabatında “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidəçiləri” terminindən yox, birbaşa “beynəlxalq müşahidəçilər” terminindən istifadə edilir ki, bu da 59 ölkəni və çoxsaylı beynəlxalq təşkilatları təmsil edən xarici müşahidəçilərə ən azı hörmətsizliyin və təkəbbürlüyün aşkar sübutudur.

Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq.

Pənahov Məzahir Məhəmməd oğlu
Mərkəzi Seçki Komissiyasının sədri
Məmmədov Natiq Seyfulla oğlu
Mərkəzi Seçki Komissiyası sədrinin müavini
Muxtarova Arifə Ağaverdi qızı
Mərkəzi Seçki Komissiyasının katibi
Rəhimov Mikayıl Rəhman oğlu
Mərkəzi Seçki Komissiyasının katibi
Mərkəzi Seçki Komissiyasının üzvləri:

Cavadov Fuad Musa oğlu

Əliyev Şaitdin Sərdar oğlu

İbrahimov Ramiz Hilal oğlu

Kazımova Validə Faiq qızı

Paşayev Hüseyn Məmməd oğlu

Məmmədov İlham Sabir oğlu

Nadirov Nizami Hüseyn oğlu

Orucov Qabil Əhməd oğlu

Tağıyev Azər Cabir oğlu

Əsgərov Bəxşeyiş Məmməd oğlu

Həsənov Tofiq Eldar oğlu

Qəhramanlı Almas Əlisultan qızı

Quliyev Etibar Cəfər oğlu

Şahbazov İlkin Zaur oğlu

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir